Kibercinayətkarlıqda təqsirləndirilən şəxs polis əməkdaşının hesabına pul köçürdüyünü etiraf edib


16:46     03 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə növbəti məhkəmə olub.

Femida.az -ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Səddam Nəzərli özünü qismən təqsirli bilib: "Bir dəfə yoxladım. Gördüm ki, alınır, digərlərində də davam etdim. Məqsədim sadəcə ehtiyacım olduğu qədər pul götürmək idi".

Təqsirləndirilən şəxs bildirib ki, hesablardan pulu anasının kartına yükləyib və sonra həmin pulu nağdlaşdırıb: "Gördüm ki, bankın oğurladığım pullardan xəbəri olmur. Öz əməlimi özüm ifşa etməyə qərar verdim. Bu məqsədlə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki bu dəfə səs-küy olar və bank mənim əməlimdən xəbər tutar. Lakin yenə üstü açılmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra mənə Emin adlı şəxs zəng elədi. Mən bildim ki, həmin şəxs polis əməkdaşıdır. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımda sonra mənə inandılar".

S.Nəzərli məhkəmədə bildirib ki, bankdan ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşına da pul küçürüb. O, bu addımı məqsədli şəkildə etdiyini deyib: "Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək və biləcək ki, bunu Səddam edib".

Qeyd edək ki, S.Nəzərli Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 518


Oxşar xəbərlər