Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub - Hikmət Hacıyev


09:54     04 Oktyabr 2019 hikmet%20h.jpg

Femida.az xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Hikmət Hacıyev prezident İlham Əliyevin Soçiyə işgüzar səfərinin yekunları ilə bağlı APA-nın Rusiya bürosunun suallarını cavablandırıb.

- Hikmət müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı ilə görüşünu necə qiymətləndirirsiz? Dövlət başçılarının görüşündə hansı məsələlər müzakirə olunub?

- Azərbaycan ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri həyata keçirilib. Bildiyiniz kimi, səfər çərçivəsində Prezident İlham Əliyevlə rusiyalı həmkarı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığı bir daha təsdiqlənib. Azərbaycan Prezidenti tərəfindən görüşdə Rusiyanın ölkəmizin etirbarlı dostu olduğu qeyd olunub. Azərbaycan da Rusiyaya münasibətdə bu etibarlı dostluq prinsipindən çıxış edir. Dövlət başçıları səviyyəsindəki dialoq Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafında çox mühüm bir amildir. Bu il artıq ikinci dəfədir ki, Azərbaycan və Rusiya Prezidentləri görüşürlər. Bundan öncə Çinin paytaxtı Pekində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində olan forumda iki ölkə liderləri görüşmüşdülər. 2018-ci ildə isə dövlət başçıları dörd dəfə görüşüblər. Bu kimi görüşlər Azərbaycan-Rusiya tərəfdaşlığının hərtərəfli inkişafına təkan verir.

O ki qaldı İlham Əliyev və Vladimir Putin arasnda keçirilən görüşdə müzakirə olunan məsələlərə, burada kompleks şəkildə Azərbaycanla Rusiya arasındakı əlaqələr nəzərdən keçirilib. Münasibətlərdə əldə olunmuş nailiyyətlər qeyd olunub və qarşıdan gələn perspektivlər müəyyən edilib.

İkitərəfli görüşdə Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, kənd təsərrüfatı, hərbi və hərbi texniki sahə, humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan başqa görüşdə dövlət başçıları tərəfindən tapşırıq verildi ki, aidiyyəti nazirliklər elə bu platforma çərçivəsində fürsətdən istifadə edərək qoyulan tapşırıqlar əsasında öz müzakirələrini davam etdirsinlər.

- Hikmət müəllim, dövlət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsi movzusuna toxunuldumu?

- Əlbəttə. Dövlət başçılarının görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu. Bildiyiniz kimi, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Rusiya münaqişənin həlli prosesində yaxından iştirak edir və ona görə də bu müstəvidə də dövlət başçıları tərəfindən ətraflı fikir mübadiləsi aparıldı.

Onu da qeyd edim ki, Prezidentlər əvvəlcə nümayəndə heyətləri ilə birgə, daha sonra isə təkbətək formatda görüşü davam etdiriblər. Bu məqam xüsusi vurğulanmalıdır. Çünki Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında şəxsi dostluq münasibətləri mövcuddur. Bu məqam iki ölkə arasındakı münasibətlərə müsbət impuls verir.

- Azərbaycan Prezidentinin "Valday" beynəlxalq diskussiya klubunda iştirakının əhəmiyyəti barədə nə deyə bilərsiz?

- Bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər. "Valday" forumu beynəlxalq vacib məsələlərin həlli ilə bağlı ciddi müzakirələrin aparıldığı platformalardan biridir. Bu ilki "Valday" forumunun mövzusu "Yeni dünya düzəni. Şərqdən baxış" kimi çox aktual və fundamental bir mövzuya həsr olunub. Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır.

"Rusiya həmsədr ölkə kimi Paşinyanın məlum bəyanatı ilə bağlı XİN başçısı səviyyəsində öz mövqeyini ifadə edib".

- "Valday" beynəlxalq diskussiya klubunun iclasında Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandırarkən bildirdi ki, Qarabağın Ermənistanın olması barədə bəyanatlar münaqişənin həllinə, siyasi prosesin tənzimlənməsinə kömək etmir. Paşinyanın məlum bəyanatı Rusiya tərəfindən də mənfi qarşılanıb. Bunu necə şərh edərdiniz?

- Təbii ki, Lavrovun Paşinyanın məlum bəyanatı ilə bağlı bir müddət öncə səsləndirdiyi fikirləri qeydə götürmüşük. Ümumiyyətlə, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və beynəlxalq ictimaiyyəti narahat edən məsələdir. Çünki Ermənistanın rəhbərliyi bu açıqlaması ilə danışıqlar prosesinə çox güclü bir zərbə vurmuşdur. Görünən odur ki, Paşinyanın bu bəyanatı həmsədr ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən ciddi bir narahatlıqla qarşılanıb və burada başqa münaqişələrlə anneksiya xarakteri daşıyan münaqişələr kontekstində analogiyalar da aparılıb. Biz də hesab edirik ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu cür açıqlamalar heç bir halda münaqişənin həllinə xidmət etmir, vəziyyəti gərginləşdirir. Ona görə də bu fikri bölüşürük ki, bu gün danışıqlar prosesi bir ətalət çərçivəsindədir. Təəssüflər olsun ki, danışıqlar prosesində bu gün hər hansı bir irəliləyişdən danışmaq olmaz. Həmsədrlər özləri də bu barədə açıqlama verdilər. Onların substantiv danışıqlara çağırış etdiklərinə baxmayaraq, hazırda Ermənistan tərəfindən təxribatlar davam edir. Elə bu günlərdə Azərbaycan-Ermənistan sərhədində bir mülki şəxsimiz öldürülüb. Bütün bunlar göstərir ki, Ermənistanın bugünkü açıqlamaları və fəaliyyəti beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməkdədir. Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq xarici işlər naziri səviyyəsində bu məsələ ilə bağlı öz mövqeyini ifadə edib.

Femida.az

Açar sözlər: #Soçi   #Dağlıq_Qarabağ  

Oxunub: 492