Fuad Ələsgərov: “Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir”

Fuad Ələsgərov: “Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir”


10:31     04 Oktyabr 2019 fuad%20aleskerov%20azvision%20pl.jpg

“Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”.



Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

“Yeni qanunvericilik paketi üzərində iş yekunlaşmaq üzrədir”, - deyə o vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra nail olub:

"Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub. Azərbaycanda fundamental hüquqi, iqtisadi, sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik Konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb".

F. Ələsgərov bildirib ki, insan hüquqlarının etibarlı mühafizəsi demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir: "Bu mənada 1998-ci ildə islahatların növbəsi mərhələsində qəbul edilmiş "Vəkillər və vəkillik haqqında" Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni statusunu və müstəqilliyinin təminatını müəyyən edib. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib. Bununla belə cəmiyyətin təkamüllük prosesi dayanmır".

F. Ələsgərov əlavə edib ki, Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” proqram xarakterli fərmanında Vəkillər Kollegiyasının maliyyə müstəqilliyinin yüksəldilməsinə yönəlmiş müddəalar nəzərdə tutulub.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Fuad_Ələsgərov   #Vəkillər_Kollegiyası  

Oxunub: 2155