Azərbaycanda kreditlərlə bağlı yeni qərar
15:27 04 Oktyabr 2019
Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
Femida.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, son illər həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə edilib, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilib. Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.
2018-ci ilin sonlarından etibarən Fond kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinə başlayıb, bu dövr ərzində iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759 milyon manat sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.
Dövr ərzində Fond mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirib, bu sahədə beynəlxalq təcrübə araşdıraraq müvafiq təhlillər aparıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.
Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.
Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib