Azərbaycanda bu il 4 hemofiliyalı xəstə ölüb


16:20     09 Oktyabr 2019 hemofiliya.jpg

“Azərbaycanda 1656 nəfər hemofiliya xəstəsi kimi qeydə alınıb. Onlardan 1425 nəfərini kişi, 231 nəfərini isə qadınlar təşkil edir”.


Bunu Femida.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib. Onun sözlərinə görə, xəstələrdən 84 nəfəri 1-5 yaş, 336 nəfəri 1-15 yaş arasında olanlardır.

“Xəstələrin 80%-dən çoxu yaşı 15-dən yuxarı olanlardır. Bu il isə 41 hemofiliya xəstəsi qeydə alınıb. Bu il hemofiliyalı xəstələrdən 4 nəfəri ölüb, amma onlar digər xəstəliklərdən dünyasını dəyişiblər. Kifayət qədər dərman vasitələri ilə təmin ediləndə hemofiliyalı xəstələr normal həyat yaşaya bilirlər. Lakin xəstəlik əleyhinə preparatların yetərli qədər olmaması ilk növbədə hemofiliyadan əzab çəkən uşaq və gənclərin erkən əlilliyinə səbəb olur”.

E.Qədimova qeyd edib ki, hemofiliya xəstəliyinə əsasən kişilərdə rast gəlinir:

“Angiohemofiliya (Villebrand xəstəliyi) formasına isə qadınlarda da rast gəlinir. Bunların əlamətləri ağır hemofiliya kimi keçir. Qadınlar menstruasiya olur, onlar hər ay qanaxma ilə üzləşə bilərlər. Bu kimi hallarda xəstəlik özünü büruzə verə bilər".

Mərkəz rəhbəri əlavə edib ki, bu il 36 hemofiliyalı xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə 31, 2013-cü ildə 36, 2014-cü ildə 37, 2015-ci ildə 28, 2016-cı ildə 27, 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 521