Hava limanında dronlar da uçacaq - Mərkəzi yaradıldı


17:46     09 Oktyabr 2019 2019/10/8f86495d7a480760caa299e1070d11dc_1570625908.jpg

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarə edilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalamışdırlar.

AZAL-dan Femida.az-a verilən məlumata görə, müqavilə bu gün Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huaji Hu tərəfindən imzalanıb.

“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir", - deyə C. Əsgərov bildirib.

Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.
Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.
Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.


Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.
“Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış edib.


Qeyd edək ki, AZAL-ın nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.


Xatırladaq ki, “Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.

Femida.az

Açar sözlər:

Oxunub: 712