Polisi və oğlunu güllələyən Ali Məhkəməyə müraciət etdi


20:30     31 Mart 2015 alimehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən Gülağa Lətifovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Femida.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini bildirib. Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, ilkin baxış iclası zamanı müdafiə tərəfi prosesin istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən, həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

 

Xatırladaq ki, ötən il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F.Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

 

İlkin araşdırma zamanı məlum olub ki, G.Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G.Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

 

Hadisə zamanı güllə yarası alan A.Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A.Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Lətifov ömürlük olaraq azadlıqdan məhrum edilib. (APA)


Femida.az

Açar sözlər:

Oxunub: 1450