Fond Moskvada nələri müzakirə edib?


16:34     17 Noyabr 2015 fond1.jpg

Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri Moskvada Beynəlxalq Sosial Təminat Assosiasiyasının seminarında iştirak edib.


Fonddan Femida.az-a verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu günlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avrasiya və digər ölkələrin sosial təminat təşkilatlarının rəhbərləri üçün seminar keçirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi Şurasının iclas zalında keçirilən tədbir dünyada milli sosial təminat sistemlərinin inkişafının aktual problemlərinə həsr olunub. Tədbirdə Fond sədrinin müavini Zakir Babayev və sədrin müşaviri Yalçın Müslümov iştirak edib.

Seminarın işində Rusiya Federasiyasının, Qazaxıstanın, Bolqarıstanın, Polşanın sosial sığorta və pensiya qurumlarının rəhbərləri iştirak ediblər.

Seminarda rus dilində nəşr olunmuş “Beynəlxalq sosial təminat: sənədlər və şərhlər” adlı məcmuənin təqdimatı keçirilib.

Tədbirdə “Milli sosial təminat sistemləri: müasir çağırışlar və inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada sosial təminat sahəsində tanınmış alimlər və mütəxəssislər çıxış ediblər.

Fond nümayəndələri BSTA-nın Baş katibi X.Konkolevski, habelə Rusiya Federasiyası Pensiya Fondunun və Sosial Sığorta Fondunun rəhbərləri ilə keçirdikləri ikitərəfli görüşlərdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Açar sözlər:

Oxunub: 895