“Qarabağ Azərbaycandır!” - Dəyirmi masa keçirilib


16:49     10 Oktyabr 2019 yappp6.jpg

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” Münaqişənin həlli, perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.


Femida.az-ın xəbərinə görə, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, Milli Məclisin deputatları, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır: “Ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvana ciddi mesajlar göndərib: "Bunun birincisi, Ermənistan cəmiyyəti, rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərilərinə götürüb. Bu ünvanlardan digəri də Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülüb. Hesab edirəm ki, münaqişə nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır!" ideyası olmalıdır. Biz bu ideyanın genişlənməsini istəyərək bir sıra addımlar atmışıq. YAP olaraq BNA ilə birlikdə yollarda “Qarabağ Azərbaycandır!” şüarı qoymuşuq və digər yerlərdə də qoyulmasını planlaşdırmışıq”.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır!" hərəkatı ətrafında birləşməlidir.

“Bu şüar altında ümumxalq yürüşü keçirilməlidir. Bu gün respublikamızın hər bir bölgəsində bayraq meydanları var. Hesab edirəm ki, Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən Bayraq meydanına yürüş edilə bilər", deyə o əlavə edib.

Deputat bildirib ki, bununla iradəmizi ortaya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik.

Onun sözlərinə görə, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçib: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edirlərsə, Azərbaycan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".


Deputat Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azərbaycan Ordusu Prezidentin bu bəyanatını döyüş tapşırığı kimi qəbul etməlidir: “Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Təklif edirəm ki, həmsədr ölkələrin səfirliklərin qarşısında “Qarabağ Azərbaycandır!” aksiyası keçirilsin”.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Prezident İlham Əliyevin məlum bəyanatı ilə erməni yalanları ifşa olunub: “Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimi z cənab prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 512