Nazir: Qarabağ münaqişəsinin həllinə dair danışıqlar əbədi davam edə bilməz

Nazir: "Qarabağ münaqişəsinin həllinə dair danışıqlar əbədi davam edə bilməz"


19:13     10 Oktyabr 2019 elmarrr.jpg


“MDB məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim”.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır.

“Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.
Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”, deyə Məmmədyarov vurğulayıb.

Nazir əlavə edib ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatının inkişafı üçün bütün imkanlar yaradılıb və böyük uğurlar əldə olunub. Son 15 ildə iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal miqyasda yüksək inkişaf səviyyəsinə çatıb:

"İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəfləridir. Bu islahatları birləşdirmək və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq üçün 2021-2025-ci illər dövrünə nəzərdə tutulmuş daha dərin iqtisadi islahatlar proqramının hazırlanması başlandı. Ümumi əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcəkdir. İqtisadi siyasətdə beynəlxalq qarşılıqlı əlaqələrin inkişafı xüsusi yer tutur. Nəqliyyat əlaqələrini təşviq etməklə,

Azərbaycan regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş səylərə mühüm töhfə verir. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var".

Femida.az

Açar sözlər: #XİN  

Oxunub: 136