Elçin Behbudovun ölümünün 3-cü günü DOSYE


20:18     17 Noyabr 2015 1B0C16cPM68O8.jpg


Vəfat edən hüquq müdafiəçisi Elçin Behbudovun ölümündən üç gün keçir. Femida.az 55 yaşında qəfil vəfat edən hüquq müdafiəçisinin həyat yolunu əks etdirən yazını təqdim edir.


Elçin Behbudov 1960-cı il fevralın 23-də Bakıda anadan olub. Uşaqlığı Sovetskidə keçib. Orta və təhsilini Bakıda alıb. Onun uşaqlıqdan arzusu hüquq-mühafizə orqanlarında işləmək olub. Tale elə gətirib ki, O, arzusuna çatır. Yerli mətbuata müsahibəsində Elçin Behbudov o illəri belə xatırlayıb:

“Ataların belə bir sözü var: başına gələn, başmaqçı olar. Uşaqlıqdan arzum bu olub ki, hüquq-mühafizə orqanlarında işləyim. Allah-taala bu arzumu ürəyimdə qoymadı. Düz, 20 il milisdə və xüsusi xidmət orqanlarında çalışdım. 1995-ci ildə isə qanuna zidd olaraq, həbs olundum və işgəncələrə məruz qaldım. Azərbaycanda işgəncə faktlarını ilk dəfə mətbuata mən çıxarmışam. Hansı ki, həmin vaxt çox adam “işgəncə” sözünü deməyə belə qorxurdu. Bilirsiniz, Allah mənə ikinci dəfə də ömür versəydi, yenə hüquq müdafiəçisi olmaq, insanların pozulmuş hüquqlarını qorumaq istəyərdim.”

Özünün də, dediyi kimi mərhum hüquq müdafiəçisi bu işin vurğunu idi.Bir sıra təyziqlərə baxmayaraq o işini davam etdirirdi.Elə vaxt olub ki, hüquq müdafiəçisinin özünün köməyə ehtiyacı olur.Elçin Behbudov o illəri belə xatırlayırdı:
“O vaxt hamı bildi ki, mənim günahım yoxdur, sifarişlə həbs olunmuşam. Bəli, 1995-ci ildə Bakı Şəhər Baş Polis İdarəsində mənə insan ağlına sığmayan dəhşətli işgəncələr verilib. Məni başı aşağı sallamışdılar. Ayaqlarımdan asmışdılar”.
Üst-üstə 20 il hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışıb. O, MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsində işləyib. MTN-in təqaüdçüsü olub. Qarabağ müharibəsi veteranıdır.

Ailəsi…

Elçin Behbudov Elmira Behbudova adlı qadınla ailə həyatı qurub. O, da hüquq müdafiəsilə məşğuldur. Fiziki qüsurlu və kimsəsiz Uşaqlara Yardım Fondunun prezidentidir. Onların bu nikahdan iki qız övladı var . Onlardan biri Bakı Dövlət Universitetinin Tarix fakültəsində , Kiçik qızı isə Moskvada ali təhsil alıb.

Müdafiə etdiyi tanınmışlar…



Elçin Behbudov sadə vətəndaşlarla yanaşı tanınmış insanların da, müdafiəsində iştirak edib. Bunlar arasında eks Səhiyyə naziri Əli İnsanov, eks İqtisadi İnkişaf naziri Fərhad Əliyev, MTN-in sabiq əməkdaşı Hacı Məmmədovun da adı var.
Elçin Behbudov mətbuata açıqlamasında məşhur şəxslərin müdafisəi prosesində baş verən xatirələri danışıb:




“Əslində, onların özüylə görüşmək maraqlıdır. Bir şey var ki, bu adamlar vaxtilə iqtidar nümayəndəsi olub, dövlətdə yüksək vəzifə tutub, indi isə məhkum həyatı yaşayır. Məşhurlarla bağlı əsas onu deyə bilərəm ki, görürsən ondan səviyyəcə aşağı olan bir adamdır, ancaq indi komanda verir, deyir orda dayanma, bura get. Yəni, həmin şəxslər hansısa şeylərdən məhrumdurlar. Məşhurların çoxu tutulandan sonra MTN-də “Qurani-Kərim” oxuyurdular. Əli İnsanovu da, keçmiş maliyyə naziri Fikrət Yusifovu da “Quran” oxuyan görmüşəm. İdarə rəisləri də olub. Əli İnsanov əsa ilə gəzir.”



İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudovun xidmətlərindən biri də, 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamış Lamiyə Quliyevanın işinin ictimaiyyətə çatdırılması idi.Onun müraciətindən sonra cəzaçəkmə müəssəsində uşaq dünyaya gətirən qadının işi araşdırıldı və azadlığa buraxıldı. Bu olay ölkə mətbuatının uzun müddət gündəmini zəbt etdi.




Gözlənilməz ölüm…

Hüquq müdafiəçisinin qəfil ölümü cəmiyyətdə də, çaşqınlıq yaratdı. O, şəkər xəstəliyindən əziyyət çəksə də, vəziyyəti o qədər də, pis deyildi. Bunu ailə üzvləri də, mətbuata açıqlamasında bildirib:
" Heç bir xəsətəlikdən əziyyət çəkmirdi. Hansısa xəstəxanaya da yerləşdirilməmişdi. Səhhəti də çox yaxşı idi. Dünyasını dəyişməsi də qəflətən oldu. Gecə saat 01.00-də gözləmədiyimiz halda vəfat etdi.” Mərhum Bakıda, Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb."

Hüquq müdafiəçisi Elçin Behbudovun ölümünə həmkarları da, münasibət bildirib.
Hüquq müdafiəçisi Sahib Məmmədov Femida.az-a açıqlamasında mərhumla bağlı bunları bildirib:


“Onunla 1999-cu ildə tanış olduq. O vaxtı İnsan Hüquqlarının Müdafiəsi mərkəzinə gəlirdi. Özü işgəncələr əleyhinə təşkilat yaratmaq istəyirdi və ona da, nail oldu.
Onunla bağlı mətbuatda anlaşılmaz yazılar yazılsa da, o qəlbən çox kövrək, uşaq qədər sadəlöv insan idi. O, dəfələrlə gecənin bir yarısı kömək lazım olan insanlara baş çəkib.
Bir dəfə 2009-cu ildə Cenevrədə konfransda onunla bərabər iştirak etdik. Orada bir insan kimi onu bir daha tanıdım. Ölümü bir az gözlənilməz idi. Bilirdik ki, şəkər xəstəliyi var. Ancaq başqa xəstəliyi olması barədə eşitməmişdik. Çəkisi çox olsa da, ancaq sağlam görünürdü. Mənə elə gəlir ki, son zamanlar mətbuatda gedən mənfi yazılar da, onun səhhətinə pis təsir edib. Amma bu da Allahın yazdığı taledir. Əlbəttə, Elçin Behbudovsuz hüquq sahəsində boşluq hiss olunur.”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8501