Azərbaycan vəkilliyinin yubiley tədbirləri - XRONOLOGİYA VƏ FOTOREPORTAJ


10:10     11 Oktyabr 2019 19_10_11_1570774722.jpg


Oktyabr ayının 4-də Marriott Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.


Femida.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, o cümlədən, azı 200 nəfər olmaqla 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.

Tədbirin iştirakçılarından Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə hüquq layihəsinin rəhbəri Tomas Herrmann da açılış sözləri ilə çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov öz çıxışında bildirmişdir ki, Azərbaycanda vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra nail olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub. Azərbaycanda fundamental hüquqi iqtisadi sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb.

“İnsan hüquqlarının etibarlı mübarizəsi sabiq demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir. Bu mənada 1998-ci ildə islahatların növbəti mərhələsində qəbul edilmiş “Vəkillər və vəkillik haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni statusunu və müstəqilliyinin təminatını müəyyən edib. Habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilib. Bununla belə cəmiyyətin təkamül prosesi dayanmır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il fevralın 22-də imzaladığı Sərəncamın bu sahədə vacib addımların bariz nümunəsi olduğunu vurğulayan F.Ələsgərov bildirib: “Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarındakı vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslər üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən, aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ üç dəfə artırılıb. Eyni zamanda, Vəkillər Kollegiyasına bir sıra tövsiyələr verilib. Xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir”.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qeyd etmişdir ki, vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir. Vəkillik xidməti müstəqil hüquq təsisatı kimi yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz ölkəmiz üçün demokratik hüquqi dövlət quruculuğu yolu seçmiş Dahi Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik haqqında ilk dəfə ayrıca qanun qəbul olunub, onun müstəqil təsisat kimi inkişafına əsaslı zəmin yaradılıb.

“Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilir, onun fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması naminə mühüm tədbirlər görülür. Vəkillik təsisatının böyük əhəmiyyəti nəzərə alınaraq vəkilliyin inkişafına dəstək vermək məqsədilə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncam xüsusi qeyd olunmalıdır. Vəkil təkcə təmsil etdiyi şəxslər üçün hüquqi yardım göstərmir. O, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak etməklə öz peşəkarlığı ilə məhkəmə fəaliyyətinin keyfiyyətinə, vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfələr verir”, - deyə Ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev öz çıxışında bildirmişdir ki, Son dövrlər Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində reallaşdırılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artması öz bəhrəsini verməkdədir. Azərbaycan müstəqilliyin bərpasından sonra demokratik dəyərlərə sadiq qalaraq dövlət quruculuğu siyasətini uğurla davam etdirib. Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğunun müasir prinsiplərinə istinad edərək, bu prinsiplərin uğurla həyata keçirilməsini təmin edib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilir.

“Son dövrlərdə Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı keçirilən islahatlar, vəkillərin sayının kifayət qədər artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi öz bəhrəsini verməkdədir. İnanırıq ki, Azərbaycanda vəkillik institutu ildən-ilə inkişaf edərək insan hüquq və azadlıqlarının müdafiəsinə layiqli töhfəsini verəcək”, - deyə Ali Məhkəmənin sədri qeyd edib.

Tədbirin açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov qeyd etmişdir ki, son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafına, bu sahədə yeni mərhələnin başlanmasına şərait yaratdığını vurğulayan Baş prokuror bildirib: “Həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun öz fəaliyyətini müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil etməsinə, vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərməsinə şərait yaradıb. Vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün dövlət qayğısına ehtiyacı olan, sosial cəhətdən əhalinin həssas qrupuna, aztəminatlı ailələrə və digər şəxslərə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi dövlətin sosialyönümlü siyasətinin həyata keçirilməsinə də dəstək verir”.

Konfransda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq 2019-cu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu, bununla əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər keçirildiyini bildirmiş, hazırki konfransın məqsədi və proqramı barədə məlumat vermiş, həmçinin son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlər, bununla bağlı Azəraycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı və 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi üçün aparılan işlər barədə danışmış, bu baxımdan hazırki konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirmişdir.

Daha sonra, Türkiyə Barolar Birliyinin sədri, “TÜRK-AV”ın rəhbəri Metin Feyzioğlu, Rusiya Federasiyası Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenko, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Bütöv Çin Vəkillər Birliyinin vitse-prezidenti Zhu Zhengfu, İran Vəkillər Kollegiyasının rəhbəri Morteza Şahbazinia, Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi komissiyasının sədr müavini Viktor Çayçits, Ukrayna Milli Vəkillər Assosiasiyasının prezidenti Lidiya İzovitova, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Litva Vəkillər Kollegiyasının vitse-prezidenti Mindauqas Kukaitis “Vəkillik fəaliyyətində müasir çağırışlar” barədə öz ölkələrinin təcrübələrini bölüşmüşlər.

Günün ikinci yarısında konfransın yerli və xarici qonaqları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan konsert proqramında iştirak etmiş, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında müxtəlif klassik əsərləri dinləmişlər.

Orkestrin dirijoru Fəxrəddin Kərimov, solistlər beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və əməkdar artist Nərgiz Kərimova idi. Konsertdə Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Üzeyir Hacıbəylinin "Koroğru" operasına uvertüra, Fikrət Əmirovun "Nəsimi haqqında dastan"ı, Qara Qarayevin "Gözəllər gözəli" və Antonio Vivaldinin "Yay" əsərləri təqdim olunub.

Konsertdən sonra tədbirin bütün iştirakçıları Filarmoniyanın qarşısında kollektiv şəkil çəkdirmişlər.

Günün sonunda qonaqların şərəfinə rəsmi ziyafət verilmişdir. Ziyafətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri çıxış edərək tədbir iştirakçılarına dəvəti qəbul etdikləri üçün təşəkkür etmişdir. Bundan əlavə, müxtəlif ölkələrdən ölkəmizə təşrif etmiş nümayəndə heyətlərinin rəhbərləri çıxış etmiş, təmsil etdikləri ölkələr adından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hədiyyələr təqdim etmişlər.

Bundan əlavə, oktyabr ayının 5-6-sı tarixlərində ölkəmizdə səfərdə olan qonaqlar üçün Qəbələ-Şəki turu təşkil olunmuşdur. Qonaqlar Şəkidə Xan Sarayı, Karvansaray, Qəbələdə Tufandağ kanat xətti, Savalan şərab zavodu, Çuxur Qəbələ Arxeoloji Mərkəzini gəzmişlər. Azərbaycanın səfalı guşələrində olan qonaqlar Şəki Məhkəmə Kompleksi və Qəbələ rayon Məhkəməsinin müasir binaları ilə tanış olmuşlar. Qonaqlar binalarda məhkəmə zalları, vəkil otaqları, gözləmə zallarında yaradılan şəraitdən məmnunluqlarını bildirmişlər.

Qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” keçirilmişdir.

Oktyabr ayının 2-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin, turnirin təşkilat komitəsinin, eləcə də, turnirdə iştirak edəcək komandaların nümayəndələrinin iştirakı ilə turnirin açılış mərasimi keçirilmişdir. Daha sonra turnirin püşkatma mərasimi keçirilmiş, komandaların yer aldığı qruplar və baş tutacaq oyunlar müəyyənləşmişdir.

Oktyabrın 3-6-sı tarixlərində baş tutmuş turnirdə 10 ölkədən 16 futbol komandası iştirak edəcəkdir. Qrup mərhələsinin oyunları 3-4 oktyabr, play-off mərhələsinin oyunları isə 4 və 6 oktyabr tarixlərində keçirilmişdir.

Turnirin final oyununda iki Azərbaycan komandası – Vəkillər Kollegiyası – 1 və Vəkillər Kollegiyası – 2 qarşı-qarşıa gəlmiş, Vəkillər Kollegiyası – 1 komandası 5:1 hesabı ilə qalib gələrək turnirdə birinci yeri qazanmışdır. Turnirin 3-cü yerini isə Qazaxstan vəkillərindən ibarət komanda tutmuşdur.

Oktyabrın 6-da futbol turnirinin təntənəli bağlanış və mükafatlandırma mərasimi keçirilmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 9948