Zümrüd Yağmurun vəkili: Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib


13:11     11 Oktyabr 2019 2019/10/fuad-qehremanli-ile-zumrud-yagmurun-qizina-hucumla-bagli-din-den-aciqlama-36913_1570786014.jpg


Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçiriləcək.

Femida.az xəbər verir ki, oktyabrın 17-sində baş tutacaq növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Ötən gün Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili ümumiyyətlə prosesə qatılmayıb.

Hakim Elman Məmmədov bildirib ki, uşaq məhkəməyə gətirilməli və hansı valideyni ilə yaşamaq istədiyini bildirməlidir. Zümrüd Qəhrəmanlının vəkili Zibeydə Sadıqova uşağın məktəbdə olduğunu və gələ bilmədiyini deyib. "Qarşı tərəf mübahisələndirmədiyi üçün biz uşağın məhkəməyə gətirilməsinə lüzum bilmədik" deyə vəkil qeyd edib. Hakim isə Ailə Məcəlləsinin 52-ci maddəsini əsas tutaraq, 10 yaşdan yuxarı olan uşaqların belə məsələlərdə söz haqqı olduğunu bildirib. Elman Məmmədo v qeyd edib ki, qarşı tərəfin məhkəməyə gəlməməsi elə məsələni mübahisələndirmək deməkdir.

Daha sonra vəkil bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib, münasibətləri pozulub və bir yerdə yaşamaları qeyri-mümkündür. Lakin vəkil şiddətin hansı formada tətbiq olunduğunu söyləməkdən boyun qaçırıb. Əlavə edib ki, son olaylardan sonra Fuad Qəhrəmanlı həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub və hazırda Z.Yağmurun harada yaşadığını bilmir. Vəkil qeyd edib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

Vəkilin sözlərinə görə, Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracaq:

“Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar”.

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir suallarına cavab verməyib. Hakim vəkildən soruşub ki, ailə əvvəlcə Mehdiabad qəsəbəsində yaşayıb. Sözügedən şiddət azyaşlı Sənayın gözü qarşısında baş verib ya necə? Vəkil bu suala cavab verməkdən imtina edib. Eləcə də hakim məhkəmə bildirişlərini göndərmək üçün Z.Yağmurun hazırda yaşadığı ünvanı soruşsa da, vəkil Zibeydə Sadıqova yenə də cavab verməkdən imtina edib. Daha sonra aralarındakı əmlak məsələsi ilə bağlı suala da "heç nə bilmirəm" deyərək cavab verib.

Hətta bir qədər də irəli gedərək, “Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Femida.az

Açar sözlər: #vəkil   #Zümrüd_Yağmur   #Fuad_Qəhrəmanlı  

Oxunub: 4467