Biri arvadını döyür, biri qadınları aşağılayır... - Qadın zorakılığını təbliğ edən müxalifət


13:47     11 Oktyabr 2019 2019/10/001_1570786988.jpg


“Fuad Qəhrəmanlı və Zümrüd Yağmurla bağlı məsələnin qadın azadlığına heç bir aidiyyatı yoxdur. Guya kişiyə, uşağa zorakılıq olarmı? Qadını niyə insanlıqdan ayırırsız? Qadın kimdir ki? Qanun qarşısında hamı bərabər deyil? Qanun qarşısında hamı bərabərdirsə, niyə qadınları əsgərliyə aparmırlar? Mən niyə gedib cəbhədə ölməliyəm, sən yox?”

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri sərdar Cəlaloğlu Azadlıq radiosuna müsahibəsi zamanı deyib. Görünən odur ki, Sərdar bəy müxalifət cəbhəsindəki yoldaşı Fuad Qəhrəmanlının ailəsinə qarşı etdiyi zorakılığına bu yolla haqq qazandırmağa çalışır. Fuad Qəhrəmanlının həyat yoldaşına, qızlarına verdiyi zülmləri öz övladı tərəfindən aşkara çıxarıldı. Etdiyi günahı boynuna alıb susmaq varkən, müxalifət dayanmadan Fuad Qəhrəmanlının hərəkətlərini müdafiə etməyə davam edir.

Özgə vaxt Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Sərdar Cəlaloğlu, indi öz açıqlamaları ilə birbaşa insan haqlarının, qadın hüquqlarının pozulmasına tərəfdar çıxır. Sərdar bəyin fikirlərinin davamına nəzər yetirək:

“Məsələn İsraildə, Norveçdə, ABŞ-da, İngiltərədə, Almaniyada qadınları hərbi xidmətə aparırlar. Azərbaycanda ona görə aparmırlar ki, qadının orduda xidmət etməsi milli və dini dəyərlərə ziddir. Bu dəyərlərə əməl etmək siz qadınların borcudur. Çünki sizi hərbi xidmətdən qoruyan bu dəyələrdir. Bu dəyərləri pozdunsa, sən də mənim kimi tank sürməlisən, tikintidə daş daşımalısan, səngərdə sürünməlisən”.

Yəqin ki, Cəlaloğlu bu ifadələri işlədəndə qadınların fiziki cəhətdən kişilərdən zəif olduğunu nəzərə almır. O ki, qaldı orduda xidmət etməyə. Onsuz da orduda xidmət edən kifayət qədər Azərbaycan qadını var. Orduya xidmət etmək təkcə əlində silah səngərdə dayanmaq deyil. Bu gün əsgər yeməkxanalarında çalışan, onları lazımi qidalanma təmin edən işçilərin əksəriyyəti qadınlardır. Hərbi hissələrin qərargahlarında, tibb məntəqələrində bir çox qadınlar çalışır. Onlar da vətənə borcunu bu formada yerinə yetirirlər.

Lakin hər şeyə qaranlıq tərəfdən baxan Sərdar Cəlaloğlu həddini bir qədər də aşaraq bu ifadələri işlədir:

“Qadın azadlığı otellərin qabağında durub ərəblərə xidmət etmək, masajxanalarda xidmət etmək, Dubayda həbsxanada yatmaq, Türkiyədə xalqı biabır etmək deyil. Konstitusiyaya baxın, qadın azadlığı nədir? Qadının səsvermə hüququ var, seçilmək hüququ var, sağlamlıq, təhsil hüququ var. Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmamaq hüququ yoxdur. Qadına qarşı zorakılıq niyə artıb? Çünki qadın yataq otağında lüt oturub 10 dənə kişiyə internetdə reportaj verir. Qadın arvad kimi öhdəliklərini yerinə yetirməlidir. Qadının 4 funksiyası var: nənə, ana, bacı, arvad. Qadın hüquqlarından danışırsız, bəs qadının öhdəlikləri? Qadın ailənin əsasıdır. Qadın istəsə, ailə axıra qədər qalar, istəməsə, dağılar. Məsələn, qadına desən ki, sən niyə özünü belə aparırsan, dərhal gedər boşanar. Niyə? Çünki alternativi var. Onun üçün fərqi yoxdur. Başqa qadınlar kimi azad yaşamaq istəyir. Bu Azərbaycan cəmiyyətini dağıda bilər. İslam dini əxlaqsızlıq istisna olmaqla, qadının boşanmasını zina hesab edir. Qadını boşamaq da zinadır, boşanmış qadınla evlənmək də. Qadın biləndə ki, boşansa, 50 dənə müştərisi var, o bir ərdə dayanmaz, gündə bir ər dəyişər”.

Bu ifadələri oxuyanda sanki siyasətçi tərəfindən yox, çayxanada oturub cəhalət içində boğulmuş adamlar tərəfindən deyildiyini düşünürsən. S.Cəlaloğlunun təbiri ilə qadın əri tərəfindən döyülməli, söyülməli, şiddət içində yaşamağa razı olmalı, amma boşanmamalıdır. Axı evlilik qadının kişiyə tabe olmasını yox, müşətərk həyat sürməsini ehtiva edir.

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sərdar bəyin fikirlərini belə şərh edib:

“Qadın müharibəyə getmir, amma o müharibənin ağırlığını onsuz çəkir. Qadınlar heç də kişilərdən əskik iş görmürlər. Bəli, Azərbaycanda vəzifədə olan qadınlar azdır. İcra hakimiyyətləri, nazirliklərdə bütün idarəetmələr kişilərə məxsusdur. Niyə qadın olmamalıdır? Bizim çox gözəl, savadlı qadınlarımız var. Əgər bərabəriksə, niyə bu idarəetmə orqanlarında hamısı kişidir?! Bizim qadınlarımız çox ağıllıdır. Sovet hakimiyəti dövründə əxlaq baxımından yanlışlıq edən bir çox qadınlar olub. Qadın azadlığı həmişə olub və olacaq. Xanlıq dövründə belə qadına böyük dəyər verilib, kişi ilə qadın daim bərabər oturub. Azərbaycanda heç bir kişi deyə bilməz ki, aparıcı qüvvə odur. Xanım bəlkə elə şərait yaradar ki, kişi özünü o cür hiss etsin. Amma hər evdə aparıcı qüvvə qadındır”.

Və sonda… AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı etdiyi zorakılıq və işgəncələrədən sonra digər müxalifət nümayəndəsi Sərdar Cəlaloğlunun qadınlar haqqında bu cür radikal fikirlər səsləndirməsi əslində gözlənilməz olmamalıdır. Bir az tərpədən kimi Sərdar Cəlaloğlu, Fuad Qəhrəmanlı kimi özünə siyasətçi deyənlərin qadınlar haqda, azadlıq haqda düşüncələrinin və əməllərinin peyin iyi verdiyi ortaya çıxır. Azadlıq haqda düşüncəsi fahişəlikdən o tərəfə keçməyən adamlar isə heç vaxt iqtidar ola bilməz.

Femida.az

Açar sözlər: #Sərdar_Cəlaloğlu   #qadın   #hüquq   #Fuad_Qəhrəmanlı   #siyasət   #demokrat   #partiya  

Oxunub: 1077