Sumqayıtda müasir standartlara cavab verən vəkil bürosu açıldı - Fotolar


13:39     12 Oktyabr 2019 19_10_12_1570873017.jpg


Oktyabr 10-da Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun inzibati binası ilə tanış olub.


Femida.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırovu büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Fazil Nəhmətov görülmüş işlər barədə məlumat verib, büronun vəkillərin fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğunu, görüş otaqlarının hazırlandığını, ayrıca müdir otağının, mətbəx və sanitar qovşaqların, büronun yeni kompüter, printer, mebel və digər avadanlıqlarla təchiz edildiyini bildirib.



Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparılması nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilib və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilib.



Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın cari təmir işlərinin ƏDV daxil 44.077,82 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə cari təmir işlərinə ümumilikdə ƏDV daxil 23.399,40 manat vəsait xərclənib. Eyni zamanda ayrılmış vəsait hesabına həmin vəkil bürosunun kompüter və printer avadanlıqları, kondisionerlə təmin edilməsi üçün ƏDV daxil 5620,93 manat vəsait xərclənib.



Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış işləri yüksək qiymətləndirib, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat verib.

Femida.az

Açar sözlər: #vəkil   #Sumqayıt  

Oxunub: 9997