Energetika Nazirliyinə 2700-dən çox müraciət daxil olub


12:26     15 Oktyabr 2019 2019/10/b50e5ab1-534f-4523-9c3e-ac0a86e9aab0_1571128071.jpg


2019-cu ilin 9 ayında Energetika Nazirliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı 2 707 müraciət daxil olub.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu müraciətlərin 1 378-i elektrik enerjisi, 535-i təbii qaz təchizatı, 794-ü isə digər məzmunlu məsələləri əhatə edib. Daxil olan müraciətlərdən 184-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması, elektrik enerjisinin keyfiyyəti, enerji təchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

Qaz təchizatı ilə bağlı qeydə alınmış müraciətlər isə əsasən qaz xəttinə qoşulma, qaz təchizatının dayandırılması və ya fasilələrlə verilməsi, qaz sayğaclarının quraşdırılması, qaz sızması, borc və ya cərimələrin hesablanması və təbii qazın verilişi ilə bağlı digər məsələləri əhatə edib.

Bu dövrdə 2314 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə həmçinin Energetika naziri və nazir müavinləri tərəfindən vətəndaş qəbulu həyata keçirilib. Paytaxt və regionlarda - Şirvan, Lənkəran, Masallı, Lerik, Xaçmaz, Quba, Siyəzən, Şəki, Qəbələ, Zaqatala, Gəncə, Goranboy, Gədəbəy, Tovuz, Qazax, Şəmkir şəhərlərində keçirilmiş qəbullar zamanı 292 vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 522