Xudu Məmmədovun anım günüdür


12:36     15 Oktyabr 2019 xudu%20m.jpg

Alimin yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri olub


Bu gün Azərbaycanın tanınmış professoru Xudu Məmmədovun vəfatından 30 il ötür.

Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü olan Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub.

Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olub. Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var.

"Şərəf nişanı" ordeni və medallarla təltif edilib. Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyəbanda dəfn olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 318