"Bəzən müəllimlər uşaqlara əzbərçiliyi öyrədir" - Nazir müavini


15:19     15 Oktyabr 2019 19_10_15_1571137970.jpg


"Təmayülləşmə uşaqların dərs yükünü azaltsa da, biz hələ də şagirdlərin tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almalarına şüurlu yanaşmasına nail ola bilməmişik".


Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hələ də təmayülləşmə prosesinin heç bir təhlilə əsaslanmayan şəkildə səmərəsiz təşkil olunduğu görülür: "Bəzən müəllimlər informasiya bolluğu şəraitində də şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar. Bəzən müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti uşaqlara əzbərlədirlər. Onun əsasında da uşaqlara summativ qiymətləndirmə yazırlar. Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir, amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir".

M.Vəliyeva bildirib ki, bir çox hallarda təmayül siniflər, sadəcə, şagird komplektləşdirmək üçün yaradılır: "Tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir. Bu zaman şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir?! Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır".

"Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir. Hətta təmayül siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil. Axı niyə? Bu belə olmamalıdır", - deyə nazir müavini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 361


Oxşar xəbərlər