Şəhid Əbdülməcid Axundovun xatirəsi anılıb - FOTOLAR


10:15     16 Oktyabr 2019 2019/10/73533145_532092230942736_4149233961815506944_n_1571209568.jpg

Aprel döyüşləri zamanı şəhid olmuş əsgər Əbdülməcid Axundovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.


Femida.az xəbər verir ki, 15 oktyabr 2019-cu il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuş tədbirdə şəhidin ailə üzvləri, rəsmi şəxslər və ictimai fəallar iştirak edib.



Tədbirdə çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov şəhid Əbdülməcid Axundovun həyat yolu və döyüş uğurları barədə məlumat verib. O, çıxışında belə vətənpərvər gənclərin hər bir kəsə nümunə olduğunu qeyd edib.




Daha sonra şəhidin həyat yolunun əks olunduğu sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri ilə Azərbaycan Ordusu erməni mifini darmadağın edib. O, Ermənistanda uzun müddət hakimiyyətdə olmuş hərbi-cinayətkar rejimin süqutunun da məhz aprel döyüşləri ilə əlaqələndirib.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Xətai Baxışov bu cür tədbirlərin daha geniş auditoriyada keçirilməsini təklif edib. O, bildirib ki, Əbdülməcid kimi gənclər yeni formalaşan gəncliyin qürur mənbəyi olmalıdır.

Sonda çıxış edən şəhid anası Ceyran Axundova belə bir tədbirin təşkilinə görə hər kəsə minnətdarlığını bildirib. Şəhid anası tezliklə torpaqların alınmasını arzu edib.
Tədbirdə mərkəzin musiqiçiləri xüsusi proqramla çııxş edib.

Məlumat üçün qeyd edək ki, Əbdülməcid Axundov 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əbdülməcid Axundov 2016-cı ilin aprelində baş vermiş toqquşmalarda şəhid olub. 9 aprel tarixində Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.

Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmiş,adına mükafat təsis olunub.Şəhidin haqqında film çəkilib.







Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2027