“Azərbaycan Almaniya üçün nümunə ola bilər” - Almaniyalı deputat


16:22     18 Noyabr 2015 1447804644483728236_1000x669.jpg

“Rhein-Zeitung” qəzeti Almaniyanın Reyn-Pflats federal torpağı parlamentinin deputatı Rəhim Şmitin Qərb mətbuatının və bəzi siyasi qüvvələrin apardığı anti-Azərbaycan fəaliyyətini tənqid atəşinə tutan məqaləsini dərc edib.


Femida.az azertac-a istinadən xəbər verir ki, əslən İran azərbaycanlısı olan Rəhim Şmit əvvəllər Yaşıllar Partiyasının üzvü olub, 2015-ci ildə partiyanı tərk edib. Hazırda bitərəfdir.

“Qərbin Azərbaycana münasibətdə adi hal almış birtərəfli mövqeyi“ başlıqlı məqalədə Rəhim Şmit Qərbin anti-Azərbaycan fəaliyyətini Yaxın Şərq və ya Ukraynaya münasibətdə buraxdığı səhvlərin təkrarlanması kimi qiymətləndirir.

Müəllif Azərbaycanı geosiyasi baxımdan çox mürəkkəb və həssas bir regionda təhlükəsizlik “lövbəri” adlandırır. Bununla belə, Azərbaycanın Qərb tərəfindən layiqli və məntiqli dəstək almadığını vurğulayır.

ATƏT-in DTİHB qurumunun son parlament seçkilərini müşahidə etməkdən imtinasına toxunan Şmit vurğulayır ki, Azərbaycan haqlı olaraq digər ölkələrin nümunəsində olduğu kimi, seçki müşahidəçilərinin sayını ölkə əhalisinin sayına və ərazisinə müvafiq surətdə müəyyənləşdirilməsini tələb edib, amma bu tələb qəbul olunmayıb. Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina qərarı isə yanlış addım idi.

Müəllif bildirir ki, ikili standartlara əsaslanan, uzaqgörən olmayan siyasətin ağır nəticələrini Almaniya və digər region ölkələrində qaçqınlar probleminin timsalında görmək mümkündür. Belə siyasət uzun müddət davam edə bilməz. Qaçqınlar məsələsinə görə Avropa İttifaqının Türkiyə siyasətini dəyişməyə məcbur olması bunun sübutudur.

Rəhim Şmit Avropa Parlamenti, Bundestaqın Yaşıllar Fraksiyası və Qərb KİV-lərinin Azərbaycanı daim və hər şeyə görə tənqid etməsinin adi hala çevrildiyini bildirir. Onun fikrincə, Almaniyada Azərbaycan barədə neqativ imic yaratmaq cəhdləri iki ölkə arasında etimada zərbə vurur, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün geniş baza yaradılmasına yönəlmiş fəaliyyəti çətinləşdirir. Halbuki Azərbaycanın imkanlarına etibarlı əməkdaşlıqla dəstək verilməli və müsbət təcrübələr onunla bölüşdürülməlidir.

Müəllif daha sonra Azərbaycanı regionda nümunəvi dünyəvi müsəlman ölkəsi adlandırır. Bildirir ki, bu ölkədə qadınlar diskriminasiya edilmir. Cinayətlərin göstəricisi çox aşağıdır. İnternetdə tam informasiya azadlığı hökm sürür. Ölkəyə giriş və çıxışa hər hansı məhdudiyyət yoxdur. Azərbaycan ərazisində 40 xristian dini icması, 30 xristian kilsəsi, 6 sinaqoq və 5 yəhudi məktəbi fəaliyyət göstərir.

Rəhim Şmit, həmçinin qeyd edir ki, Azərbaycanda vətəndaşlar üçün bürokratik əngəllərin aradan qaldırılmasına yönələn layihələr Almaniya üçün də nümunə ola bilər.

Məqalədə vurğulanır ki, çox çətin geosiyasi məkanda yerləşən Azərbaycan öz yolunu tapmaq və Avropa, o cümlədən Almaniya ilə körpülər yaratmaq istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 1060