Elçin Quliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında iştirak edib


15:11     19 Oktyabr 2019 19_10_19_1571477673.jpg

17-18 oktyabrda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 82-ci iclasında müşahidəçi qismində qatılıb.


DSX-dan Femida.az-a verilən məlumata görə, iclasda nümayəndə heyətinin tərkibində Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da iştirak edib.

İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə əməliyyatların təşkil olunması, Böyük Vətən Müharibəsinin 75-ci ildönümünün qeyd olunması, 2019-cu ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2020-ci il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclas zamanı çıxış edən general-polkovnik Elçin Quliyev Azərbaycan ərazisinin 20%-nin, o cümlədən Azərbaycanın Ermənistanla dövlət sərhədinin 427 km, İran İslam Respublikası ilə dövlət sərhədinin 132 km hissəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılmasının təkcə Azərbaycan Respublikası üçün deyil, bütövlükdə regional təhlükəsizlik üçün ciddi təhdid olmasını, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində konkret nəticələrin olmamasının bölgədəki sabitliyə mənfi təsir göstərməsini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Çıxışda 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən 130 kilometrlik hissəsinin Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarının bu münaqişənin sülh yolu ilə həllinə, bölgədə gərginliyin azalmasına və sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüs olması vurğulanıb, həmin istiqamətdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin davamlı pozulması, sərhəd döyüş məntəqələrinin, o cümlədən avtomobil və tikinti texnikasının, tibb maşınlarının, mülki heyətin mütəmadi olaraq atəşə məruz qalmaları, nəticədə döyüş məntəqəsinin arxasında təsərrüfat işləri ilə məşğul olan mülki vətəndaş 1959-cu il təvəllüdlü Səfəralı Abışovun aldığı güllə yarası nəticəsində həlak olması xüsusi qeyd olunub.

İclasdan sonra Rusiya, Belarus və Qazaxıstan Sərhəd Xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Federasiyasının Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə “AR və RF sərhəd xidmətləri arasında 2020-2021-ci illər üçün Tədbirlər Planı” imzalanıb.

Açar sözlər:

Oxunub: 645