Mollaların narahatlığına son qoyuldu


23:31     18 Noyabr 2015 molla_0214.jpg

Azərbaycanda molla, axund və imamların fəaliyyətinin lisenziyalaşdırılması gündəmdə deyil.


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlamasında bildirdi ki, Azərbaycanda molla, axund və imamlar üçün mütəmadi olaraq kurslar təşkil olunur, mühazirələr oxunur, onların fəaliyyətinə nəzarət edilir, buna görə də onların fəaliyyəti üçün əlavə lisenziyaya ehtiyac yoxdur.

"Molla, axund və imamlar Qafqaz Müsəlmanları idarəsi tərəfində təyin edilir. İdarənin ümumi qaydalarına uyğun olaraq yalnız dini təhsili, dini ayinləri icra etmək qabiliyyəti olan və Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi imtahandan keçən molla, axund və imamlar fəaliyyət göstərə bilər".

Komitə sədri bildirdi ki, belə bir qaydalar Dini Etiqad Azadlığı haqqında qanunda və digər qanunlarda nəzərdə tutulmur.

Millət vəkili Musa Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycandakı mollaların fəaliyyətinin lisenziyalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə mollaların fəaliyyətinin lisenziyalaşdırılması onların gələcək pensiya təminatına şərait yaradacaq.

"Mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, gələcək pensiyalarını təmin etməlidirlər. Həmçinin mollaların fəaliyyətinin lisenziyalaşdırılması, eyni zamanda xaricdən yönəldilən müəyyən mənfi təsirlərin, dini radikalizmin yayılmasının qarşısını alacaq".

Musa Quliyev qeyd edir ki, onların gəlirlərinə diqqət olunmalı, eyni zamanda da mollalar savadlı olmalı, işlərinin daha yaxşı bilməlidirlər.

Açar sözlər:

Oxunub: 951


Oxşar xəbərlər