İstanbul Konvensiyasına dair təkliflər hökumətə göndərilib


19:42     21 Oktyabr 2019 hicran.jpg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 20-də Bakıda keçirilən yürüşlə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən Femida.az -a daxil olan məlumatda bildirilir ki, İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub:

"Oktyabrın 20-də Bakı şəhərində yürüş keçirilib. Yürüşdə Azərbaycan Respublikasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilib.

Azərbaycan Respublikası tərəfindən İstanbul Konvensiyasının imzalaması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.

Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər və vəkillər üçün təlimlər keçirilib.

Hazırda Yerli İcra Hakimiyyəti orqanlarında yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün Komitə tərəfindən “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda təlimlər keçirilir, seminarlar təşkil olunur.

Həmçinin “Məişət zorakılığını qarşısının alınması haqqında Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

Sosial sifariş əsasında yerlərdə qeyri-dövlət yardım mərkəzlərinin yaradılması planlaşdırılıb və uğurla həyata keçirilməkdədir.

Hüquq-mühafizə orqanlarında qadınların sayının artırılması, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülən işlərin uğurlu nəticəsi olaraq qəbul edilməkdədir.

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin aparılması, risk qrupuna daxil olan ailələrin qeydiyyata alınması və həmin ailələrlə Qanunda nəzərdə tutulan yardımların göstərilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə məişət zorakılığının qarşısının alınması istiqamətində hüquqi, sosial və qabaqlayıcı tədbirlər qanuna müvafiq olaraq həyata keçirilir, eyni zamanda qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müvafiq tədbirlər görülür".


Femida.az

Açar sözlər:

Oxunub: 199