Hacıbala Abutalıbovun yeni iş yeri bu qurum olacaq


12:54     22 Oktyabr 2019 19_10_22_1571734408.jpg


Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.


Femida.az-ın məlumatına görə, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Qeyd edək ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib.

Femida.az

Açar sözlər: #Hacıbala_Abutalıbov  

Oxunub: 716