Mərhum aktrisanın ölümü ilə bağlı AÇIQLAMA


22:37     18 Noyabr 2015 45180.jpg


Bu gün mərhum xalq artisti Nuriyyə Əhmədovanın ölümünün 40-cı günüdür. Sağlığında bir çox əziyyətlər görən, evi olmadan dünyasını dəyişən xalq artisti oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.


Nuriyyə Əhmədovanın ömrünün son illərində evində qaldığı rəfiqəsi, əməkdar artist Nahidə Orucova onun ölümü və çəkdiyi əziyyətlərlə bağlı bəzi məqamları Modern.az saytına danışıb. Onun sözlərinə görə, bacı və qardaşlarının Nuriyəyə sahib çıxmamaları, onu qapılarda saxlamaları aktrisaya mənəvi zərbə vurub:

“Nuriyyənin bacısı onun ürəyini partlatdı. Onu qapılarda qoydu, bacı bacını qapılarda qoymaz. Nuriyyə xanım bəlkə də hələ yaşayardı. Amma bacısının bu münasibəti, onu qapılarda qoyması Nuriyyənin ürəyini partlatdı. Nuriyyənin axırına belə şeylər çıxdı. Bu gün Nuriyyənin 40 mərasimidir. Mən 40 gün susmuşam, amma istəyirəm ki, indi danışım. Nuriyyə xanım mənim evimdə qalırdı, ona sığınacaq vermişdim. Onun bacılarının, qardaşlarının etmədiklərini onun üçün etdim. Onun iki bacısı, iki qardaşı var. Necə oldu ki, Nuriyyə və nəvəsi üçün heç birinin evində yer olmadı? O, ancaq mənim evimdə rahatlıq tapırdı. Özü də deyirdi ki, Nahidə, mən ancaq sənin evində rahatlıq tapıram. Bütün sənət adamları da bunu bilirdilər. Ona zəng çatmayanda mənə zəng vurub Nuriyyəni soruşurdular. Biz bir evdə mehriban yaşamışıq. Nə tapmışıqsa, onu yemişik”.

Əməkdar artist Nuriyyə Əhmədovanın nəvəsinin aqibətindən də danışıb. Aktrisa onun hazırda ortalıqda qaldığını deyib.

Qeyd edək ki, aktrisa mərhum qızının övladı Faiq İbadzadəni özü böyüdüb. Ömrünün sonunda da aktrisa Nahidə Orucovanın evində onunla birlikdə yaşayıb:

“Uşaq indi qalıb ortalıqda. Nuriyyənin bacısı onu evə buraxmadı. Hər yerdə də deyir ki, “mənim evim ona qurbandır”. Amma əsla belə deyil. Yazıq uşaq da babasının yanında qalır. Nuriyyə xanım həmin kişidən ayrılmışdı, sağlığında heç onunla danışmırdı, getmirdi evinə”.

Nahidə Orucova Nuriyyə Əhmədova haqqında daha bir məlumatı açıqlayıb. Qeyd edib ki, Nuriyyə Əhmədova ömrünün sonunda məcburən kirayədə yaşamalı olub: “Evimin təmirə ehtiyacı var idi. Nuriyyə məcburən kirayə ev tutmalı oldu. Çünki bacısı onu evinə buraxmadı. Dedi ki, rayona gedir və qapını qıfılladı. İndi bəh-bəhlə onun yasını vermək lazım deyil. Sağlığında ona qiymət vermək lazım idi. Amma o vaxt dedi ki, “rayona gedirəm, evimi heç kimə əmanət edə bilmərəm”. Onda Nuriyyə ağlaya-ağlaya bizə gəldi. Nə baş verdiyini soruşdum. Dedi, “heç nə, bunlar mənim ürəyimi partlatdılar”. Bu gün onun 40 mərasimini keçirirlər. Getmədim, özüm süfrə açdım, halva çaldım. Çünki Nuriyyə bu evdə yaşayıb və ehsanı da bu evdə verilməlidir”.

Açar sözlər:

Oxunub: 1111