Hüseyn Cavidin doğum günüdür


10:07     24 Oktyabr 2019 19_10_24_1571897294.jpg

Azərbaycanlı şair, yazıçı və dramaturq Hüseyn Cavidin doğum günüdür. Onun anadan olmasından 137 il keçir.

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.

İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır. 1920-1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazıb.

1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilir. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alır.

Heydər Əliyevin təşəbbüsü ilə işçi qrup yaradılıb və uzun araşdırmalardan sonra Cavidin dəfn olunduğu yeri tapıblar. 1982-ci il oktyabrın 26-da Şevçenkoda itib batmış kənddən Hüseyn Cavidin nəşi götürülüb. Əvvəlcə Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilib. Naxçıvanda evinin qarşısında dəfn olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Femida.az

Açar sözlər: #Hüseyn   #Cavid   #şair  

Oxunub: 2131