Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb


12:53     24 Oktyabr 2019 2019/10/memmedyarov_tijjani_muhammad_bande_241019_01_1571906642.jpg

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən E.Məmmədyarov ölkədə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışıb. Nazir Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd edib və Azərbaycan Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə edib.

E.Məmmədyarov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Hökumətinə təbriklərini ifadə edib. O, ölkəmizin BMT çərçivəsində fəal rolunu vurğulayıb. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edildiyi məmnunluqla qeyd edilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 464