Bakıda "BMW" ilə itkin düşən şəxs öldürülübmüş: qayçı ilə boğazını kəsiblər


09:15     26 Oktyabr 2019 19_10_26_1572066976.jpg

Bir neçə gün öncə Bakıda itkin düşən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə qətlə yetirilən şəxsin qardaşı bildirib. Onun sözlərinə görə, hadisə Xəzər rayon prokurorluğu tərəfindən araşdırılır:

"Elvin iki nəfər şəxs tərəfindən qətlə yetirilib. Onun boğazını qayçı ilə kəsərək su quyusuna atıblar. Hazırda həmin şəxslər yaxalanıblar və Xəzər Rayon Prokurorluğunda araşdırmalar aparılır".

Xatırladaq ki, Həbibzadə Elvin oktyabrın 14-dən itkin düşüb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Həbibzadə stomatoloq olub.

Açar sözlər:

Oxunub: 1118