Qadın zorakılığı ilə bağlı həyəcan təbili çalındı


10:17     26 Oktyabr 2019 19_10_26_1572071498.jpg

Məqalə BMT- nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində hazırlandı.


“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi Azərbaycanda gender bərabərliyi, həmçinin qadınlara qarşı zorkılığın qarşısının alınması sahəsində on ildən çoxdur ki, fəaliyyət göstərir. İctimai Birlik qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsədi ilə milli qanunvericiliyin və institusional infrastrukturunun möhkəmləndirilməsi məqsədilə cari qanunvericiliyin qadınlara qarşı zorakılıqla mübarizədə təsirini artırmaq üçün aşağıdakı tövsiyyələrini diqqətinizə təqdim edir.




İctimai Birliyin rəhbəri xanım Lyudmila Xəlilova rəsmi statistik rəqəmlərə əsaslanaraq narahatlılıqla qeyd edir ki, il ərzində Azərbaycanda məişət zorakılığı zəminində qadınlara qarşı 1200 -dən çox qeydə alınmış cinayət hadisəsi baş verməkdədir.
Çox təəssüf ki, məişət zorakılığı əksər hallarda müvafiq hüquq mühafizə orqanlarına bildirilmir və yaxud həmin orqanlar tərəfindən lazımi qaydada hüquqi təqibə məruz qalmır. Bu da öz növbəsində qadınlara qarşı mövcud olan zorakılığın miqyasını artan həddə olduğunu göstərir.
Narahatlıqla qeyd etmək istərdik ki, təkcə oktyabr ayının ilk həftəsində ölkədə 5 qadın məişət zorakılığı zəminində öz ailə üzvü tərəfindən qətlə yetirilmiş, 7 qadın isə müxtəlif bədən xəsarətləri almışdır.
Qadınlara qarşı zorakılığın ailə daxili məsələ çərçivəsindən cəmiyyətin problemi müstəvisinə çıxarılması, fundamental insan hüquq və azadlıqlarını və insan ləyaqətini alçaltdığını, həmçinin onun mənfi nəticələrinin gələcək nəsillərin timsalında ölkəmizin gələcəyinə mənfi təsiri haqlı narahatlılığa səbəb olur.
Azərbaycan Respublikası 1995-ci ilin 30 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına (CEDAW) qoşulmuş, 2001-ci il 16 fevral tarixində isə Konvensiyanın fakultativ protokolunu qəbul etmişdir. Bundan başqa Azərbaycan Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasına və Avropa Sosial Xartiyası da daxil olmaqla müxtəlif beynəlxalq və regional müqavilələri də ratifikasiya etmişdir. Bu müqavilələr beynəlxalq səviyyədə Azərbaycanın üzərinə qadınların zorakılıqdan səmərəli şəkildə müdafiə edilməsi üzrə məcburi öhdəliklər qoyur.
Bu müstəvidə Azərbaycan Respublikasının Milli Məclisi 2010-cu il tarixində “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunu qəbul etdikdən sonra məişət zorakılığı və qadınlara qarşı zorakılığın qarşısının alınması və zorakılıq qurbanlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə bir sıra qaydalar, həmçinin mövcud qanunlara müxtəlif əlavə və dəyişikliklər qəbul edilib. Evlilik yaşı kişi və qadınlar üçün bərabərləşdirilmiş, sosial xidmətlər haqqında qanun və onun əsasında müxtəlif hüquqi aktlar qəbul edilmiş, məişət zorakılığı ilə bağlı olan şikayətlərə baxılması ilə bağlı qaydalar müəyyənlədirilmiş, məcburi nikah cinayət məcəlləsi ilə kriminallaşdırılmışdır.
Milli qanunvericilikdəki sadalanan irəliləyişlərə baxmayaraq, qanunlar bir çox halda hələ də boşluqlardan və onun qeyri adekvat şəkildə tətbiqindən qaynaqlanan səbəblərə görə qadınlara qarşı məişət zorakılığının qarşısının alınmasında təsirli vasitəyə çevrilməmişdir.
Bu boşluqların aradan qaldırılması, həmçinin cari qanunvericiliyin möhkəmləndirilməsi üçün konkret addımlar üzrə birgə təşəbbüslərin artırmasını təklif edirik;
- Gender əsaslı zorakılıq və qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının qəbul edilməsi və müvafiq fəaliyyətlərin dövlət tərəfindən təmin edilməsi;
- Milli Fəaliyyət Planı iştirakçılarının vahid qarşılıqlı əməkdaşlıq sistemini yaratmaq və onlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılması;
- Gender-əsaslı zorakılıq və qadınlara qarşı zorakılığın qarşının alınması üzrə məsul şəxs — Milli Koordinatorun təyin edilməsi;
- Gender zorakılığının qarşısının alınması üçün qurumlararası mexanizmi olan Standard Fəaliyyət Prosedurlarının (SFP) və yerli icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının Fəaliyyət Qaydalarının qəbul olunması;
- “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması” haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyas) ratifikasiya edilməsinin sürətləndirilməsi;
- Məişət zorakılığının qarşısının alınması sahəsində cari qanunvericiliyin tətbiqi ilə əlaqədar ortaya çıxan çətinlikləri, qanunvericiliyin məhdudiyyətlərini müəyyən etmək və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və milli qanunvericiliyin təkmillləşdirilməsi;
- Məişət zorakılığının qurbanları üçün təhlükəsiz sığınacaqların yaradılması və burada tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi və konfidensiallığın təmin edilməsi;
- Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması ölkə ərazisində ödənişsiz xidmət göstərən «Qaynar xətt» telefon xidmətin yaradılması və s.

Açar sözlər:

Oxunub: 1886