Cinayətkar tapılmadan bağlanan cinayət işi - RAFİQ TAĞININ BIÇAQLANMASI


14:26     19 Noyabr 2015 rafiq%20ta];.jpg

Bu gün yazıçı-publisist Rafiq Tağının bıçaqlanmasından 4 il keçir. Femida.az yazıçı-publisistin həyat yolunu əks etdirən yazını təqdim edir.


Rafiq Tağı kimdir?

Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950- ci ildə Azərbaycanın Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur.

1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 1990-cı ildən vəfat etdiyi vaxta qədər Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışıb.

Onu daha çox tanıdan bədii yaradıcılığı oldu…

Rafiq Tağının həyatında daha mühüm yeri bədii yaradıcılığı tutub. Onun yaradıcılığı heç də, birmənalı qarşılanmayıb. Cəmiyyətdə Rafiq Tağı daha çox dinə qarşı yazan publisit kimi tanınırdı. Bəlkə də, bu onun ölümünə səbəb olan amillərdən sayıla bilər. Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilmişdir.

Həbsinə səbəb olan yazılar…

2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilmiş, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə həbs olunmuş, ona 3 il iş kəsilmiş, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılır.Buna baxmayaraq Rafiq Tağı öz ideyalarından çəkinmir. Hər zaman qalmaqal yaradan yazıları ilə gündəmdə qalır.



Yazıçının ölümündə İran izi…

Rafiq Tağının həyatı təhlükədə idi. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayır. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmadı. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırıb, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi. Bəli, hər zaman olduğu kimi burada da, İran amili rol oynadı.
Yazıçının 2006-cı ildə Sənət qəzetində çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fətvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu Ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazmışdı.



Müəmmalı tibbi rəy…

Yazıçı-publisist Rafiq Tağının dünyasını dəyişməsi çox sayda suallara səbəb olub. Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev deyib ki, bıçaq zərbəsi Rafiq Tağının qarın boşluğunda dalağı və mədəaltı vəzinin quyruğunun zədələndiyinə görə, yazıçının vəziyyəti ağırlaşıb. Buna görə də, Rafiq Tağı vəfat edib. Rafiq Tağını noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov isə deyir ki, hadisə baş verən vaxt o, Rafiq Tağının yanında olmayıb, amma həkimlərin ona dediyinə görə, yazıçı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb: “Ağır xəstəydi, amma öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal olub. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş. Qəfildən halı pisləşib, yanında olanlar həkimləri çağırıblar. Bizim təxmini fikirləşdyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub, ölüb. Başqa səbəb tapa bilmirik”. Bütün hallarda ortada şübhəyə səbəb olacaq xeyli ziddiyyətli açıqlama var. Hətta eyni həkimin bu ölümlə bağlı fərqli rəylər verməsi də məsələni tündləşdirir.



Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yekun rəyini açıqlayıb. Məlumatda deyilir ki, Rafiq Tağının ölümünə döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları, cərrahi əməliyyatdan sonra inkişaf edən peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası səbəb olub: «Eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində ürək-ağciyər çatışmazlığı».

Rafiq Tağının ölümü dünya çapında…

Onun qəfil vəfat etməsi ölkəmizdə olduğu kimi, dünya mətbuatında da geniş rezonans doğurub.
“Accosiated Press”, “Radio Free Europe”, “Washington Post” kimi nəhəng media orqanları bu olayı manşet xəbər kimi yayıblar.

Günahkar tapılmadan bağlanan cinayət işi…

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) , Rafiq Tağının ölümündən dərhal sonra isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılsa da, 2014- cü ilin yanvar ayında prokurorluq icraatın dayandırılmsı ilə bağlı qərar qəbul edib. Buna səbəb kimi hadisəsini törədən şəxsin müəyyən edilməməsi göstərilib. Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirlirdi ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

“Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq”.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5558