Biri əllərini tutdu, digəri qayçı ilə qətlə yetirdi - DİN və Baş Prokurorluğun RƏSMİ MƏLUMATI


18:21     26 Oktyabr 2019 19_10_26_1572099702.jpg

Polis və prokurorluq orqanlarının əməkdaşlarının keçirdiyi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.


Femida.az xəbər verir ki, bu barədə DİN və Respublika Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova oktyabrın 16-da Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin oktyabrın 14-də özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını qeyd edib.

Məlumatla əlaqədar itkin düşmüş şəxsin yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Nəticədə E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

Oktyabrın 25-də Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri meyiti oradan çıxarıb.

Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər.

Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədibərək avtomobildəki bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

Qeyd olunan ağır cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə Səbuhi Ələkbərov və Rəşad Fətullayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə oktyabrın 25-də şübhəli şəxslər qismində tutulublar.

Hazırda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #qətl  

Oxunub: 1619