İsveçdə Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib


18:09     27 Oktyabr 2019 2019/10/n1-1572182052_1572184293.jpg

Oktyabrın 25-də İsveçin paytaxtı Stokholmda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.


Femida.az xəbər verir ki, "Şeraton Stokholm" otelində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Naminə Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirin əsas məqsədi dahi Azərbaycan mütəfəkkirinin yaradıcılığının təbliği və xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələr haqqında məlumatların İsveç və dünya ictimaiyyətinə çatdırılması olub.

Azərbaycan və İsveçin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan təntənəli mərasimdə dövlət, ictimaiyyət və media nümayəndələri, Azərbaycan, Qazaxıstan, Gürcüstanın İsveçdəki səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Azərbaycan, ingilis və isveç dillərində aparılan tədbirdə Umea Universitetinin müəllimi Səadət Kərimi şair haqqında elmi tədqiqatlara əsaslanan məruzə ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova təmsil etdiyi qurum adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Nəsiminin əsərləri və fəlsəfəsi insanları hər zaman cəlb edir: "Böyük qürurla deyə bilərəm ki, Azərbaycan bəşəriyyətə Nizami, Füzuli, Xaqani, Nəsimi kimi və bu siyahını uzada biləcək digər böyük və ölməz mütəfəkkirlər bəxş edib".

Femida.az

Açar sözlər:

Oxunub: 676