Bələdiyyələr qadın bələdiyyə üzvünün gözü ilə


12:41     28 Oktyabr 2019 19_10_28_1572251285.jpg

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.


Zaman keçdikcə Azərbaycanda dövlət idarəetmə və bələdiyyə orqanlarında qadın təmsilçiliyinin artması müşahidə olunur. Düzdür, hələ ki bu məsələdə gender bərabərliyi arzu olunan səviyyədə deyil. Baxmayaraq ki, Azərbaycan qadını azaddır və qanunvericilik onun idarəedici funksiyaya yiyələnmək üçün bütün şəraiti yaradır.

Konstitusiyamızın 25-ci maddəsinə əsasən, kişi ilə qadının eyni hüquq və azadlıqları var. Vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ 54- cü maddə bəyan edir. 55-ci maddəyə görə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər. 56-cı maddədə isə deyilir ki, bütün vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Qadınlarla bağlı seçkili sistemlərdə, o cümlədən Bələdiyyə seçkilərində əsas problem yerli onların zəif, passiv iştirakıdır. Dünya təcrübəsi göstərir ki, qadın ictimai-siyasi proseslərə cəlb edilməklə demokratiya quruculuğunu sürətləndirə bilər. Niyə də bu işdə Bələdiyyə seçkiləri ocaq nöqtəsi olmasın?! Bələdiyyə fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli və bu sahədə insanlara xidmətin təşkilidir. Sosial qayğılar isə daha çox qadın və uşaqlarla bağlı olur. Qadınlar öz problemini daha yaxşı bildiyi üçün bu sahəyə daha çox yönəlməlidir.



Digər önəmlı məsələ, Azərbaycanda demokratik yerli özünüidarə sahəsində təcrübənin azlığını nəzərə alsaq, cəmiyyətinin bu istiqamətdə maariflənməsinə ehtiyac duyulur. Bu mənada qarşıdan gələn bələdiyyə seçkilərində qadın aktivliyı çox əhəmiyyətli rol oynayacaq. Qadınların bələdiyyə seçkilərinə hazırlığı və onların bu prosesdə münasibətini öyrənmək məqsədilə sosial şəbəkədəki opponentlər arasında kiçik bir sorğu keçirdik. Sual belə idi ki, “Qarşıdan gələn bələdiyyə seçkilərində qadınların siyasi fəallığını artırmaq üçün nə etmək lazımdır?” Cavablar müxtəlif oldu:

- Qadınların öz iradəsi ilə səs verməsinə və seçilməsinə şərait yaratmaq, saxtakarlıqdan uzaq tutmaq; - Səs verməyə gələn hər qadına ev işləri üçün lazım olan məhsullar vermək. Belə olan halda onların əksəriyyəti həvəslənib seçkiyə gələcək;
- Qadınların liderlik potensialını gücləndirmək;
- Seçki və bələdiyyə idarəçiliyi haqqında maarifləndirmə işini genişləndirmək;
- Müşahidəçi qadınları təlimatlandırmaq;
- Qadınlara qarşı mövcud steriotopləri sındırmaq;
- Siayasi partiyaların seçki fəallığını artırmaq və qadın namizədləri dəstəkləmək; - Qadınlar üçün siyasi mühit yaratmaq, şəffav seçki keçirmək.




Göründüyü kimi, hələ də vətəndaşların böyük hissəsində Bələdiyyələrə qarşı inamsızlıq var və seçki haqda məlumatları məhduddur. Bu isə qarşıdakı Bələdiyyə seçkilərdə seçicilərin passivlik göstərmə ehtimalını gücləndirir. Ona görə də dövlət qurumları, bələdiyyələr, QHT-lər, partiyalar və media səylərini birləşdirməli, seçici aktivliyinin artırılması yönündə fəaliyyəti genişləndirməlidir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə qadınlara böyük azadlıqlar, o cümlədən seçib-seçilmək hüququ versə də, dövlətin qısamüddətli yaşaması və SSRİ tərəfindən işğalı idarəetmədəki gender bərabərsizliyini də özü ilə gətirdi. Nəticə etibarilə uzun illər idarəetmə fəaliyyəti kişilərin əlində cəmləşdi. Müstəqillik əldə olunduqdan sonra isə diskriminasiyanın aradan qaldırılması, cəmiyyətdə şəxsiyyətin özünü reallaşdırması, onun sosiallaşması üçün nisbətən bərabər şəraitin yaradılması başlandı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində siyasi mədəniyyəti artırmaq istiqamətində əhəmiyyətli işlər həyata keçirildi.



Bələdiyyələr qadın bələdiyyə üzvünün gözü ilə

Məsələyə bu sektorun içində olan bir qadının gözündən baxmaq üçün Azərbaycanda Qax şəhər Bələdiyyəsinin üzvü, eyni zamanda Humanitar Məsələlər üzrə Daimi Komissiyanın sədri xanım Güllü Əhmədova ilə əlaqə saxladıq. Son iki bələdiyyə seçkisində seçicilərin etimadını qazanan Güllü xanım Femida.az-a açıqlamasında bildirib ki, bələdiyyə qadınların sosial problemləri ilə yaxından maraqlanaraq və onlara dəstək olaraq Qaxlı qadınlar arasında müsbət imic formalaşdırıb.

Güllü xanım bildirir ki, bələdiyyəyə müraciət edən qadınların çətinliyi əsasən sosial problemlərlə bağlı olur. Onun sözlərinə görə, bələdiyyədə çalışan qadınlar digər qadınların problemini daha yaxşı başa düşür və kömək göstərə bilir. Xüsusilə bölgələrdə mental dəyərlərin daha qatı olduğunu nəzərə alsaq, Güllü xanımın sözlərində həqiqət var:

“Bizə ən çox maddi çətinlik baxımından müraciət edənlər olur. Məsələn, köməyə ehtiyacı olan xəstələr, yaxud övladını oxutmaq istəyən xanımlar müraciət edirlər. Eləcə də ailəsində problem olan qadınlar. Məsələn bir qadın həyat yoldaşı tərəfindən təzyiq görürsə, bizə müraciət edə bilir. Biz həmin ailələrə baş çəkir, maarifləndirici söhbətlər aparırıq.



Elə son olaraq bələdiyyənin keçirdiyi proqramlardan biri də qadınların hüquqi maarifləndirilməsi yönündə idi. Bu təşəbbüs böyük maraqla qarşılandı. Burada həmkarlarımla birgə həm məktəbli qızlarla, həm də yaşlı nəsilin nümayəndələri ilə çoxlu sayda görüşlər keçirildi. Məktəblərdə 9-11-ci sinif şagirdləri ilə açıq dərslər təşkil edildi. Bundan başqa rayonda 250-300 qadınla fərdi söhbətlər aparıldı. Onlara qadınların və uşaqların hansı hüquqlara malik olduqlarını bildirdik, ailə-məişət zorakılığının yolverilməzliyi, əmək hüququ və digər onları narahat edən məsələlərlə bağlı məlumatlar verdik, hüquqi və psixoloji yardımlar etdik”.


Bələdiyyə qadınlarının regionlarda apardığı əsas təbliğat işlərdən biri də erkən nikahlarının qarşısının alınması ilə bağlıdır. Necə ki, xanım Güllü Əhmədova Qaxda bələdiyyə tərəfindən keçirilən bu mövzudakı tədbirə valideynlər və qız uşaqlarının böyük maraq göstərdiyini vurğulayıb:



“Digər təşəbbüsümüz erkən nigahlarların qarşısının alınması ilə bağlı oldu. Dəvət olunan hüquqşünaslar gender əsaslı zorakılıqla bağlı vətəndaşların suallarını dolğun cavablandırdı. Bu yerdə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin əməkdaşlığını xüsusi qeyd etməliyəm. Birliyin sədri xanım Lyudmila Xəlilova bu cür layihələrdə bizə çox dəstək olur, bələdiyyədə çalışan qadınları aktiv olmağa çağırır. O, bölgə bələdiyyələrindəki qadınlara cəsarət verir. Hər zaman vurğulayır ki, təkcə seçilməklə işiniz bitməsin. Təkliflər verin, təşəbbüskar olun, seçicilərin sırasında onları narahat edən məslələri öyrənin, sakinlər üçün xidmətlər yaradın, maarifləndirici tədbirlər həyata keçirin, yerli əhəmiyyətli layihələrə sizə dəstək ola biləcək qadınları həvəsləndirin və bu məsələlərdə hər-hansı ehtiyacınız yarandıqda, bizə bildirin ”.





Amin Nəzərli

Femida.az

Açar sözlər: #bələdiyyə   #qadın  

Oxunub: 2475