Bəzi qanun layihələri plenar iclasa tövsiyyə olunub


19:48     28 Oktyabr 2019 milli-meclis.jpg

Sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələnin olduğunu diqqətə çatdırıb.

İclasda qanun layihələrinin şərhi zamanı qeyd olunub ki, Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) zərurəti bu sənədlərin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına uyğunlaşdırılması məqsədini daşıyır. Adıçəkilən sahələrdə proseslərin elektronlaşdırılması və sadələşdirilməsi vətəndaşların rahatlığına, bəzi mənfi halların aradan qaldırılmasına yardımçı olacaq.

Deputatlara məlumat verilib ki, birinci oxunuşda komitəyə təqdim olunmuş “Əmək pensiyaları haqqında” və “Məşğulluq haqqında” qanunlarda edilən dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək. İclasda “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişikliklərə (birinci oxunuş) də baxılıb.

Komitə sədrinin müavini Rauf Əliyev, deputatlar Jalə Əliyeva, Rafiq Məmmədhəsənov və Sevinc Hüseynova müzakirəyə çıxarılmış məsələlərə münasibət bildiriblər.

İclasda rəy və təkliflər dinlənilib, deputatları maraqlandıran suallar cavablandırılıb. Fikir mübadiləsinin yekununda qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.


Femida.az

Açar sözlər:

Oxunub: 211