Oqtay Gülalıyevi avtomobillə vuran sürücüyə cinayət işi açılıb


12:04     30 Oktyabr 2019 2019/10/oqtay_1572425949.jpg

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı məlumat yayıb.


Femida.az-a daxil olan məlumatda deyilir:

"Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulmuşdur.

Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırmışdır. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülmüşdür. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilmiş, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilmişdir.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır".

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 973