“Erməni məsələsi xarici siyasətdə alət kimi istifadə edilir” - Fərid Şəfiyev


14:34     30 Oktyabr 2019 19_10_30_1572431722.jpg


ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.


Femida.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev bildirib ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyətə düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular - müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyyətçi amillərin təsiri altına düşüb və bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

“Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası, ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”, - deyə F.Şəfiyev qeyd edib.

Mərkəzin sədri deyib ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi, erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 364