33 milyondan artıq müraciətə baxılıb - “ASAN Xidmət” rəqəmləri AÇIQLADI


09:46     31 Oktyabr 2019 19_10_31_1572501017.jpg


“ASAN Xidmət” mərkəzlərində baxılan müraciətlərin sayı 33 milyonu keçib.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci tarixli Fərmanı ilə yaradılıb. Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən əhaliyə ümumilikdə 300-dən artıq müxtəlif dövlət xidmətləri və funksional-yardımçı xidmətlər təqdim edilir.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu ilin sonunadək regionlarda bir neçə yeni regional “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 33 milyondan çoxdur və keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 % təşkil edir.

Regionlarda dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması məqsədi ilə 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyona yaxın vətəndaşa səyyar formada xidmət göstərilib.

108 “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. Bu günə qədər “Çağrı” mərkəzinə ümumilikdə 5 milyondan artıq müraciət qəbul olunub.

“ASAN Kommunal” mərkəzləri əhaliyə kommunal xidmətlərin göstərilməsinin təşkil edilməsi sahəsində ixtisaslaşaraq, burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən bu günə kimi 1.6 milyondan çox müraciət qeydə alınmış və xidmətlər təqdim olunub.

Açar sözlər: #Asan_Xidmət  

Oxunub: 672