"Məhkəmə-hüquq islahatları kağız üzərində deyil, real şəkildə tətbiq olunur" - Anar Qasımlı


11:38     31 Oktyabr 2019 19_10_31_1572507414.jpg


“10 ildən çoxdur ki, vəkil kimi fəaliyyət göstərirəm. Son dövrlər həqiqətən məhkəmə-hüquq sistemində sürətli və köklü dəyişiklikləri hiss etməkdəyik. Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanından sonra bu dəyişikliklər özünü göstərməkdədir”.


Bu fikirləri Femida.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional vəkil Bürosunun sədri Anar Qasımlı deyib. Onun sözlərinə görə, son son islahatlar nəticəsində məhkəmələrdə süründürməçilik halları azalıb:

“Əvvəllər açıq-aşkar təmin olunmalı işlər uzun illər təxirə salınırdı. Təbii ki, bunun da arxasında müəyyən korrupsiya maraqları dayanırdı. Qeyri-prosessual münasibətlərə məhkəmələr özü yol açırdı. İndi isə bu cür neqativ hallar demək olar ki, sıfıra endirilib. Əvvəllər bir iş üzrə 6-7 proses keçirilirdisə, indi hətta 1 prosesdə belə hökm çıxarılan işlər olur.

Elektron məhkəmə sisteminin yaradılması təqdirəlayiq haldır. İlk baxışda çətin gəlsə də, çox səmərəli sistemdir. Qeydiyyatdan keçən hər bir şəxs rahatlıqla bundan istifadə edə bilər və məhkəməyə dair işlərini elektron şəkildə həyata keçirə bilər. Bu sistem məhkəmə-hüquq sistemindəki neqativ halların, xüsusilə korrupsiya və qeyri-prosesual münasibətlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir”.



Anar Qasımlı məhkəmə - hüquq islahatlarına mənfi don geyindirənlər olmasına baxmayaraq, bu sahədəki köklü dəyişiklikləri faktlarla diqqətə çatdırıb:

“İddia edirlər ki, hakimlər rüşvət almırlar, amma ədalətli qərarlar qəbul etmirlər. Bu doğru yanaşma deyil. Son dövrlərdə bəraət hökmlərinin sayının artması göz önündədir. Halbuki əvvəllər yox dərəcəsində idi. Misal üçün götürək yenicə yaranmış Sumqayıt Vəkil Bürosunu. Artıq 4-5 bəraət hökmü çıxarılmasına nail olmuşuq. Yəni məhkəmə - hüquq islahatları kağız üzərində deyil, real şəkildə tətbiq olunur”.

Tanınmış vəkil son olaraq vəkil-müştəri münasibətlərindəki nağdsız ödənişin tətbiq olunmasını şəffaflıq nümunəsi kimi xarakterizə edir:

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına görə, vəkillərin müştərilərə göstərdiyi xidmətin qarşılığı nağdsız ödənişlərlə həyata keçirilməlidir. Təəssüf ki, bizdə hələ plastik kartla ödəniş mədəniyyəti tam formalaşmayıb. Odur ki, biz “e-manat” terminallarında vətəndaşlar üçün ödəniş üçün sistemi yaratdıq. Bu həm ödənişi asanlaşdırır, həm də müştəri-vəkil münasibətlərində şəffaflığı təmin edir”.

“Prezidentin də son fərmanlarında Vəkillər Kollegiyası ilə bağlı tövsiyələr var. Odur ki, Kollegiyamız da məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək verir, digər qurumlardan daha tez reaksiya göstərir. Məhkəmə - hüquq islahatları bu sahədəki mövcud problemlərin böyük hissəsini aradan qaldırıb. Əminəm ki, islahat prosesinin davamı olaraq digər problemlər də zamanla öz həllini tapacaq. Azərbaycanda məhkəmə sistemi tam şəffaf bir sistemə çevriləcək”, - deyə Anar Qasımlı qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #məhkəmə   #hüquq   #islahat   #hakim   #Anar_Qasımlı  

Oxunub: 2159