FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib


18:52     31 Oktyabr 2019 19_10_31_1572528285.jpg

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 30 oktyabr 2019-cu il tarixində Qaz Emalı Zavodunun 1, 1A, 2 və 4, 4A, 4B nömrəli çənlər parkında "Çənlərdə saxlanılan neft məhsullarında və qaz kondensatlarında baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.



Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi daxili xidmət polkovniki Əkbər Novruzovun rəhbərliyi ilə keçirilən yanğın-taktiki təlimdə yanğın zamanı Qaz Emalı Zavodunun texniki heyətinin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini məşq etdirmək qarşıya məqsəd qoyulub.

Təlimdə, həmçinin vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanması, yerləşdirilməsi və idarə olunması, əməliyyat sənədlərinin hazırlanması, yanğın zamanı rabitə və arxa sahənin təşkili, yanğın zamanı ilkin hərəkətlər də məşq etdirilib. Tədbirdə döyüş əməliyyatlarının aparılması zamanı şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi də diqqət mərkəzində duran vəzifələrdən olub.

Təlimdən əvvəl "Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq, Qaz Emalı Zavodunun ərazisi, əməliyyat-taktiki və digər mühüm əhəmiyyətli xüsusiyyətləri müzakirə olunub, yanğın-taktiki təlimə start verilərək şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə zəruri tədbirlər həyata keçirilib.

Tədbirdən sonra əməkdaşların şərti yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyi şəraitdə nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətlərini düzgün təyin etmək bacarıqları qiymətləndirilib. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə olunmuş müsbət təcrübənin gələcəkdə tətbiqi, mövcud nöqsanların aradan qaldırılması, həmçinin gələcəkdə döyüş hərəkətlərinin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlərin hazırlanması ilə bağlı tovsiyələr verilib.

Açar sözlər:

Oxunub: 512