Milli Qvardiyanın əbədi şəxsi heyətinə salınan şəhid mayor Əfqan Hüseynov


10:30     01 Noyabr 2019 19_11_01_1572589552.jpg


Qarabağ şəhidi mayor Əfqan Hüseynovun şəhid olduğu gündür.

Femida.az xatırladır ki, Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakıda fəhlə ailəsində anadan olub. 1980-cı ildə C.Naxçıvansi adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurduqdan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub və tağım komandirinin müavini təyin edilib. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant rütbəsi alıb.1985-1987-ci illərdə Əfqanıstanda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. Xidmətlərinə görə, "Qırmızı ulduz" ordeni ilə təltif edilib. 1986-cı ildə isə baş leytenant rütbəsinə yüksəlib.

1988-ci ildə Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilən Hüseynov burada kapitan rütbəsi alır. Yüksək dərəcəli biliyə malik zabit olduğu nəzərə alınaraq, Əfqan 1991-ci ildə Milli Təhlükəsizlik Nazirliyində döyüş hazırlığı üzrə baş zabit təyin edilir. 1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olur və bu müddətdə bacarıqlı zabit kimi fərqlənir.

Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak edir. 1992-ci ilin iyununda Füzulidə yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi fəallıq göstərir. Milli ordu rəhbərləri tərəfindən yaxşı planlaşdırılmayan hücum əməliyyatı baş tutur, ordunun bəzi hissələri döyüş mövqelərini tərk edir, əhali arasında qorxulu əhval-ruhiyyə yayılır. Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Əfqan Hüseynov döyüşə girərək erməni birləşmələrinə zərbə endirir, düşmən hücumunun qarşısını alır və onu geri oturdur. Bu döyüşlərdən sonra o, mayor hərbi rütbəsinə layiq görülür.



Artıq Milli Qvardiyanın nəzdində yeni alay yaranması vacib idi. Həmin alayın ilk komandiri vəzifəsi məhz Əfqana həvalə edilir. Hüseynov alayın şəxsi heyətinin döyüş hazırlığını qısa müddətdə lazımı səviyyəyə çatdırır.

Cəbhədə yaranmış gərginliklə bağlı 26 oktyabr 1992-ci ildə alayın şəxsi heyəti Qubadlı, Laçın bölgəsinə göndərilir. Hüseynovun rəhbərliyi ilə alay düşmənlə üzbəüz döyüşür, əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirir, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərir.

Noyabrın 1-də alayın düşmən üzərinə yeni hücumu zamanı düşmən gülləsi Mayor Əfqan Hüseynovun gözlərini əbədi yumur. Bundan sonra Milli Qvardiyanın zabit və əsgərləri onun intiqamını almaq arzusu ilə ağır döyüşlərə girir.

Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycanın Milli Qəhrəmanı mayor Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınır.

Əfqan Leyla Hüseynova ilə ailəli idi, bir qızı yadigar qalıb. C.Naxçıvanski adına hərbi liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstləri qoyulub. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #milli   #qəhrəman   #Əfqan   #Hüseynov   #Qarabağ   #şəhid  

Oxunub: 1311