Qadın bələdiyyə sədri: Seçki mübarizəsinə qatılmağa tam hazıram


11:11     01 Noyabr 2019 2019/11/aygul3_1572592289.jpg

Qadın bələdiyyə sədri: Seçki mübarizəysinə qatılmağa tam hazıram.
Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.


Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixi məlumdur və lazımi hazırlıqlar başlayıb. Bu istiqamətdə bir sıra qeyri-hökumət təşkilatları seçki öncəsi əhalinin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər görməkdədir. Görülən işlər sırasında “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin əməyini xüsusilə qeyd etmək olar.

Təşkilatın həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender əsaslı Bələdiyyələrin təşviqi" adlı layihəsi çərçivəsində keçirilən tədbirlərdə bələdiyyə seçkilərində qadın namizədlərin dəstəklənməsi, həmçinin müşahidəçi və bələdiyyə üzvləri arasında qadınların sayının artırılması mühüm amil kimi qeyd olunur. Göründüyü kimi əsas məqsəd qadın potensialının, bilik və bacarıqlarının inkişafı, seçkilərdə qadınların fəallığının artırılması və onların səlahiyyətləndirilməsidir.
Azərbaycanda bələdiyyələrə rəhbərlik edən qadınlar arasında kifayət qədər uğurlu simalar mövcuddur. Bu sahədə rəhbər qadınlar gördükləri işlərlə cəmiyyətdə fərqlənməyi və nümunə olmağı bacarıb.

Femida.az saytı ötən seçkilərdə uğur qazanmış Astara bələdiyyəsinin sədri Aygül Məmmədova ilə müsahibəni təqdim edir:


Ölkədə yeganə şəhər bələdiyyəsinin sədri haqqında qısa məlumat:

Aygül Azər qızı Məmmədova 1985-ci il avqustun 4- anadan olub. 2002-ci ildə Astara şəhər fars dili təmayüllü 5 saylı tam orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə daxil olur və 2009-cu ildə magistr dərəcəsi ilə bitirib. O pedaqoji fəaliyyətə 2006-cı ildə Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbində başlayıb.

-Aygül xanım, istərdim Sizi daha yaxından tanıyaq. Sədrlik yolu çətin olmadı ki?

- 2014-cü il bələdiyyə seçkilərində namizədliyim partiya tərəfindən irəli sürüldü. Seçkilərdə ən çox toplanan ikinci səslə Astara bələdiyyəsinin üzvü, daha sonra bələdiyyə üzvlərinin yekdilliklə səsverməsi nəticəsində Astara şəhər bələdiyyəsinin sədri seçildim. Eyni zamanda Astara Rayon Bələdiyyələri Şurasının da sədriyəm və beş ildir ki, bu vəzifəni icra edirəm.






- Bələdiyyədə təmsilçilik uğrunda mübarizədə qalib gəlmək çətin olmadı ki? Bəzən qadınlar bu mübarizəni yarıda qoyaraq bir növ qarşıya çıxan çətinliklərə təslim olur.


- Bəli, rəqiblərim güclü idi. Buna baxmayaraq sona qədər mübarizəni apardım və sonda etimadı özüm qazandım. Deməzdim ki, qadınlar asanlıqla mübarizədə təslim olur. Bizim az da olsa , amma çox mübariz və nümunəvi qadın bələdiyyə sədrlərimiz var. Mübarizə aparmağın əsasında inam dayanır. Hamımıza məlumdur ki, paytaxtdan fərqli olaraq regionlarda mənzərə, baxış bir qədər fərqlidir və biz artıq bu tilsimi qırmışıq. Bu yolda bizə dəstək olan ölkədə uzun illərdi fəaliyyət göstərən bələdiyyədə təmsil olunan qadınların birliyidir. “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri gender üzrə ekspert xanım Lyudmila Xəlilovanın rəhbərliyi ilə keçirilən maarifləndirici layihələri buna misal göstərə bilərəm. Biz təşkilatımızın realizə etdiyi proqramları, təcrübə mübadilələri vasitəsi ilə qadın bələdiyyə üzvlərini bir araya gəlib, birgə fikir mübadiləsi aparırıq. Uğurlu fəaliyyətimizi, problemlərimizi təhlil edib, perspektivləri müəyyən edirik. Bundan əlavə biz xarici ölkələrin təcrübəsindəndə bəhrələnirik. İnandırım Sizi ki, layihələrdə qazandığımız bilik, bacarıq və təcrübə nəticəsində biz öz fəaliyyətimizdə bir sıra uğurlar əldə etmişik. Mən bələdiyyələrdə təmsil olunan və fəaliyyət göstərən bütün xanımları bizim birliyin sıralarına qoşulmağa, qarşıdan gələn bələdiyyə seçkilərində inamlı olmağa və mübarizəyə qoşulmağa, aktiv olmağa, bir birimizə dəstək olmağa çağırıram.

- Seçici qadın sədri seçməklə nə qazanacaq? Bunu necə əsaslandırırsınız?

- Praktikadan deyə bilərəm ki, insanlar qadınlara daha çox etimad göstərir. Bələdiyyələr vətəndaşlara daha yaxın qurumdur. Bildiyimiz kimi, ölkə əhalisinin 51% çoxu qadınlardır və onlarında haqlı olaraq hər bir sahədə bərabər təmsilçiliyi və iştirakçılığı çox vacibdir və cəmiyyəti tərəqqiya aparan yoldur. Digər tərəfdən isə yerli səviyyədə, icmalarda bəzən elə problemlər olur ki, qadınlar onu kişilərə deyə bilmir. Belə olan halda yerli idarəetmədə qadın sədr olanda ünsiyyət daha da rahat olur. Ümumilikdə yerli özünüidarədə təmsil olunan qadınlar sanki mediator rolunu oynayıllar. Bələdiyyənin gücü çatmadığı yerdə qadınlar məsələlərin həllinə biganə qala bilmillər və bütün mümkün imkanlardan və resurslardan istifadə edillər ki, problemləri və vətəndaşları narahat edən məsələlərin həllinə tövhə versinlər. Mən bunu işlədiyim 5 illik təcrübəmdə görmüşəm. Səmimi etiraf edim, bizə müraciət edənlər deyir ki, nə yaxşı ki, burada sədr ziyalı qadındır. Mənim üçün bunu bilmək çox qürurvericidir və eyni zamanda daha çox məsuliyyət tələb edir.

- 5 ildir sədrsiniz. Hansı işləri gördünüz bu illərdə? Sakinlər sizə daha çox hansı məsələlərdə müraciət edir?




- Bələdiyyəmizin xeyli problemlər var idi və biz lazımi qaydada fəaliyyət göstərə bilmirdik. Burda idarədə yaranan borc, həmçinin vergi, cərimələr, əmək haqları və s. Biz ilk olaraq bu problemlərin həllinə başladıq və çətinliklə də olsa, öhdəsindən gəlmişik. İş prinsipimiz vətəndaşlarla sıx əlaqədə olmaq, onların problemlərini öyrənmək və qayğı göstərmək.
Bizdə qəbullar formal xarakter daşımır, təbii iş prosesində baş tutur. Misal üçün yeni həyata keçirdiyimiz bir layihə haqqında məlumat verim Bələdiyyənin nəzdində fəaliyyət göstərən “Bələdiyyə evi”ndə idmanın inkişafına dəstək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş” idman növü üzrə məşqlər keçirilir. Bələdiyyəni təmsil edən komanda bir sıra beynəlxalq yarışlarda mükafat qazanmışdır. Bələdiyyə olaraq biz yerli futbol komandamızın Gürcüstana səfərlərini təşkil etmişik. Onlar qalibiyyətlə rayonumuza qayıdıb. Həmçinin digər sahələrdə də işlər görmüşük. Baramaçılığın inkişafı üçün tut bağlarının salınmasını həyata keçirmişik. İşlərimiz davam etməkdədir. Planlarımız çoxdur.
Əslində bələdiyyələrə daha çox sosial sahədə olan problemlərlə bağlı müraciət olunur. Həmçinin yollarınn təmiri, yeni su xəttinin çəkilməsi, torpaq sahələrinin zəbti ilə bağlı və s. Bizə daha çox maddi yardımların alınması, məişət problemləri kimi məsələlərlə müraciətlər daxil olur. Bələdiyyə əslində bütün problemlərin həllini yerinə yetirə bilər. Sadəcə bizim maddi resurslarımız daha çox vergilərdən asılıdır. Buna baxmayaraq biz problemlərin həllinə çalışırıq.


- Vətəndaşların qəbulu ilə bağlı sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur?


- İlk olaraq qeyd edim ki, vətəndaşların qəbulu hər gün keçirilir, hər zaman qapılarımız açıqdır. Bundan başqa məhəllə komitələrinin iştirakı ilə səyyar qəbullar və ayda bir dəfə olmaqla “Açıq qapı” günü həyata keçiririk, poçt qutumuz var, hər il demokratiya həftəsini də keçiririk.


-Bələdiyyələrin ən böyük problemi nədir?


- Mən öz bələdiyyəmizin adından çıxış edərək deyə bilərəm ki, əsas maliyyə resurslarının azlığı müəyyən işlərin həyata keçirilməsində bizə mane olur. Əhalinin vergi mədəniyyəti bizi qane edən səviyyədə deyil. Digər tərəfdən bələdiyyələrdə peşəkar insanların təmsil olunması kadr siyasətinin gücləndirilməsini tələb edir. Bunun üçün maarifləndirmə tədbirləri ilə yanaşı daha çox təcrübə mübadilələri təşkil olunmalıdır. Bələdiyyələr üçün çox vacibdir ki, əhali ilə sıx əməkdaşlıq qurulsun. Bələdiyyə idarəçiliyində şəffaflığın təminatı əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu sahələrdə işlərimi hələ yekunlaşdırmamışam. Buna görə də növbəti bələdiyyə seçkilərində mübarizə aparmaq fikrindəyəm. Bu dəfə rəqabət daha güclü olacaq. Çalışacam ki, bu seçkilərdə kişi rəqiblərimə qalib gələm. 23 dekabr bələdiyyə seçkilərdə qadın seçicilərin daha aktiv şəkildə iştirak etmələrinə çağırıram.

- Sədrin imici məsələsi də mühüm amillərdəndir. Siz bələdiyyə sədrini necə görürsünüz?


-Düşünürəm ki, hər bir sahədə olduğu kimi bələdiyyə sədrinin də imici olmalıdır. O bilikli, təcrübəli,eyni zamanda məqsədli və işğüzar olmalıdır. Sədr sakinlərə açıq olmalıdırvə onların etimadını doğrutmağa çalışan olmalıdır. Onun qəbul günləri müəyyən olunmuş günlərdə, saatlarda yox hər vaxt əlçatan olmalıdır. Bizim əsas işimiz sakinlərə xidmətdir. Buna görə də sakinlərə yaxın olmaq. Onlarla birgə işləmək lazımdır.


-Bələdiyyələrin bu günkü vəziyyəti sizi qane edirmi?


-Təəssüflə bildirməliyəm ki, yox. Biz patensialımızdan tam istifadə edə bilməmişik. Bütün problemlərin kökündə maliyyə durursa, onun davamlılığının təmin olunması üçün yeni imkanlar araşdırılmalı, əlaqələr və əməkdaşlıq qurulmalıdır, əhalini narahat edən bütün problemlər aradan qaldırılmalıdır, onlar üçün müxtəlif xidmət sektoru yaradılmalıdır, seçicilərin rifah halının yüksəldilməsi üçün əhəmiyyətli ilər görülməlidir.

- Bizdə belə bir köhnə fikir var ki, qadın vəzifə tutursa şəxsi həyatı olmur. Bu fikirlə nə dərəcədə razısınız?


- Bu fikirlə tamamilə razı deyiləm. Misal üçün, öz nümunəmdə deyə bilərəm ki, işimlə şəxsi həyat heç də bir-birinə mane olmur. Mən işdə sədr, evdə və ailədə xanımam, anayam, həyat yoldaşıyam. Bu fəaliyyətimdə təbii ki, həyat yoldaşım və ailəmiz da mənə dəstək olur. Elə olmasa mən heç vaxt güclü ola bilmərəm. Regionlarda vəzifədə olan xanımlara adekvat yanaşılmır, bir qədər fərqli baxılır. Bu bir qədər cəmiyyətdə olan steriotiplərlə bağlıdır. Astarada 15 bələdiyyə sədrindən 4 nəfəri qadındır. Biz artıq sübut etmişik ki, qadınlar da vəzifə tuta bilər.

- Türkiyə də bələdiyyələr böyük nüfuza, söz sahibina malidkirlər. Azərbaycanda bələdiyyələrin daha nüfuzlu quruma çevrilməsinə nə mane olur?


- Hesab edirəm ki, Azərbaycanın bələdiyyə sistemini Türkiyə ilə müqayisə etmək doğru yanaşma olmazdır. Çünki Türkiyənin bələdiyyə sisteminin 200 ildən artıq tarixi var. Düzdür, biz öz işimizdə xarici ölkələrin təcrübəsindən istifadə edirik. Onların yeniliklərini öz işimizdə tətbiq edirik. Azərbaycan bələdiyyəsinin bu il hələ 20 ili tamam olur. Bu müddət ərzində bələdiyyələr formalaşma dövrünü keçib və əsaslandırılmış şəkildə fəaliyyəti davam edillər. Bələdiyyələrin geniş hüquqi bazası var. Hesab edirəm ki, bələdiyyə sədrləri ayrılmış vəsaitləri daha doğru ünvana yönləndirməlidir, daha səmərəli idarəetməlidirlər.

- Növbəti bələdiyyə seçkilərinin tarixi artıq bəllidir. Seçicilərə sözünüz nədir?


- Seçiciləri mütləq şəkildə seçkilərə qatılmağa dəvət edirəm. Peşəkar və təcrübəli qadınlara etimad göstərin və qadsəs verin. Çünki bu vəzifə seçki əsasında təyin olunur. Təbii ki, seçkilərdə daha çox qadınlardan dəstək gözləyirik, qadın qadına dayaq olsun! Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci Məqsədi gender bərabərliyinə nail olmaq hər birimizin hədəfi olmalıdır! Unutmayaq ki, seçkilərdə iştirak, cəmiyyətin və dövlətin idarəolunmasında iştirak hər bir qadının hüququdur! Gəlin qadına dəstək olun, etimad göstərin, səs verin və yeni bələdiyyələrin formalaşmasında aktiv iştirak edin!


Müsahibəni apardı: Miri Məcidli
Femida.az



Açar sözlər: #Bələdiyyə_sədri   #Aygül_Məmmədova   #astara_bələdiyyəsi  

Oxunub: 2817