Uşaqlara qarşı cinsi zorakılığa görə cəzalar ağırlaşdırılır - ARAŞDIRMA


17:00     01 Noyabr 2019 2019/11/19_11_01_1572612095_1572612547.jpg


Prezident İlham Əliyevin hüquq-mühafizə sahəsində başlatdığı islahat axını təkcə ölkədaxili qərarlarla kifayətlənmir. Son olaraq ölkə başçısı “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzaladı.


Konvensiyanın mahiyyətdi nədir?

Lansarote Konvensiyası adlanan bu beynəlxalq müqavilədə cinayət məsuliyyətinə səbəb olan uşaqlara qarşı seksual xarakterli əməllər, belə əməllərin profilaktikası, qarşısının alınması və onlarla mübarizəyə dair tədbirlər, habelə dövlətlərin bu sahədə əməkdaşlığın istiqamətləri müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin Konvensiyanın müddəalarına uyğunlaşdırılmasına dair təkliflərin təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Bu Konvensiya Azərbaycan Respublikasının qoşulduğu Avropa Şurasının 74-cü beynəlxalq müqaviləsi oldu. Diqqətə çatdıraq ki, Konvensiya AŞ tərəfindən 2007-ci ildə qəbul edilib. Azərbaycan isə Konvensiyaya 2019-cu ildə qoşuldu. Sual yarana bilər ki, niyə Azərbaycan Konvensiyaya 12 il sonra qoşulub? Amma nəzərə alaq ki, Azərbaycan Bu Konvensiyaya qoşulmasa belə, Cinayət Məcəlləsində konvensiyanın müddəalarını əks etdirən normalar var. Bu Konvensiya isə daha çox öz qanunvericiliyində müvafiq normalar olmayan ölkələr üçündür. Uzun illər müvafiq sahədə vəkil kimi fəaliyyət göstərən Ruslan Vəliyevin Femida.az-a açıqlamasında Konvensiyada olan bənzər müddəaların Azərbaycan Cinayət Məcəlləsində olduğunu nümunələrlə diqqətə çatdırıb:



“Azərbaycan qanunvericiliyinə baxsaq, bu Konvensiyada nəzərdə tutulan və dövlətlərə qoyulan öhdəlikləri görmək mükündür. Məsələn, Azərbaycan Cinayət Məcəlləsinin 22-ci fəsili birbaşa yetkinlik yaşına çatmayan şəxslərin əleyhinə olan cinayətlərə həsr olunub. Məsələn, 170-ci maddədə yetkinlik yaşına çatmayan şəxslərin cinayət fəaliyyətinə cəlb etmə, 171-ci maddədə yetkinlik yaşına çatmayan şəxsləri fahişəliyə cəlb etmə, 176-1-ci maddədə yetkinlik yaşına çatmayan şəxsləri məcburi nikaha cəlb etmədən bəhs olunur. Hansı ki, bunlar da sözügedən Konevsniyanın müddəalarına aiddir. 144-cü maddədə insan alveri ilə bağlı müddəalar var. 149-cu maddədə zorlama cinayətindən bəhs edilir. Bu maddənin 2-ci bəndinə görə, eyni əməl yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədildikdə ağırlaşdırıcı hal hesab olunur. Yaxud 150-ci maddəyə baxaq: Seksual xarakterli zorakılıq hərəkətləri yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədildikdə ağırlaşdırıcı hal hesab olunur. 152-ci maddəsə isə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma ağırlaşdırıcı hal hesab olunur. Bu maddənin 1-ci və 2-ci bəndlərində isə müvafiq olaraq, 16 və 14 yaşına çatmamış şəxslərə qarşı bu əməlləri törədənlər ağırlaşdırıcı halla ittiham olunurlar”.

Yetkinlik yaşı dedikdə neçə yaş nəzərdə tutulur?

BMT-in Uşaq Hüquqları haqqında Konvensiyasına və Azərbaycanda 1998-ci ildə qəbul olunmuş Uşaq Hüquqları haqqında qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs dedikdə 18 yaşa qədər olan şəxslər nəzərdə tutulur. Amma bəzi normalarda bu 14 və 16 yaş ola bilər. Məsələn 152-ci maddədə həm 14, həm 16 yaşına çatmayan şəxslərlə bağlı fərqli cəza müddəti nəzərdə tutulub. Məsələn, cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər 16 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ilə qədər, 14 yaşına qədər olan şəxslərə qarşı törədildikdə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. O cümlədən 153-cü maddənin 1-ci bəndinə görə, əxlaqsız hərəkətlər 16 yaşına çatmayan şəxslərə qarşı törədildikdə bu 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılırsa, 2-ci bəndinə görə, 14 yaşına çatmayan şəxslərə qarşı törədildikdə 3 ilə qədər azadlıqdan məhrum edilir.



Ruslan Vəliyev bildirir ki, “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası ona qoşulan ölkələrin qarşısında tələb kimi qoyulub. Çünki bütün ölkələrin daxili qanunvericiliyində Azərbaycanda olduğu kimi Konvensiya ilə üst-üstə düşən müddəalar yoxdur:

“Prezidentin bu qanunu imzalaması hüquq-mühafizə sahəsi üçün atılmış düzgün addımdır. Çünki dünya təcrübəsi göstərir ki, uşaqlara qarşı törədilən cinayətlərə həssas yanaşılır. Hətta bəzi ölkələrdə uşaqlara qarşı törədilən cinayətlərə görə ölüm hökmü də var. Qonşu Rusiyada uzun müddətdir, uşaqlara qarşı tərədilən əməllərə görə ölüm hökmünün bərpası gündəmdədir. Məsələn, son olaraq Qazaxıstanda uşağa qarşı cinsi zorlama etdiyinə görə şəxsi məcburi sterilizasiya etmişdilər. Yəni uşaqlara qarşı zorakılığa bütün dünyada həssas yanaşılır. Odur ki, dünya ölkələri çalışır ki, sırf bu sahədəki cinayətlərə qarşı ağır cəza tədbirləri görsün. Hesab edirəm ki, Konvensiyaya 2019-cu ildə qoşulsaq belə, onun analoji müddəaları Cinayət Məcəlləmizdə mövcud idi. Ola bilsin Konvensiyanı nəzərə alaraq, hökumət sanksiyalara yenidən baxacaq və bir qədər ağırlaşdırılacaq”.

Ümumiyyətlə, beynəlxalq konvensiyaların əsas mahiyyəti ondan ibarətdir ki, dövlət tərəfindən ratifikasiya olunursa, deməli həmin ölkənin milli qanunvericilik sisteminə daxil olur. Bu isə o deməkdir ki, artıq sözügedən Konvensiya bizim qanunvericiliyimizin bir hissəsinə çevriləcək və həmin konvensiyanın müddəaları qanunvericiliyimizə inteqrasiya olunacaq. Prezident bununla bağlı müvafiq tapşırıqlar verib. Prezidentin sərəncamına görə, Nazirlər Kabinetinin qarşısına müəyyən tapşırıqlar qoyulur. Tapşırıqlara əsasən, bu məsələ daha geniş müzakirə və təhlil olunmalıdır. Başqa ölkələrin qanunvericiliyi analiz edilməlidir. Ola bilsin ki, bayaq sadaldığımız maddələrdə cəzalar ağırlaşdırılsın. Tutaq ki, 16 yaşına qədər şəxsə qarşı əxlaqsız hərəkətlər 2 ilə qədər azadlıqdan məhrum olunma ilə cəzalandırılırdısa, bu konvensiyadan sonra araşdırılma aparılsın və cəza artırılsın. Yaxud 153-2-ci maddə ilə cinayət törədən şəxs 1 ildən 3 ilə qədər həbs cəzası alırdısa, ola bilsin konevnsiyadan sonra buna qoşulan ölkələrin təcrübəsi öyrənildi, müzakirə olundu və sanksiya 3 ildən 5 ilə qədər artırıldı.



Bəs məhkəmələr bu Konvensiyaya istinad edəcəkmi?

Vəkil Ruslan Vəliyev bildirir ki, hakimlər konvensiyanı nəzərə alacaq, amma yekun qərar Azərbaycan Cinayət Məcəlləsinə uyğun verilir:

“Hakimlər cəza verərkən, Cinayət Məcəlləsinə istinad edirlər. Onların Konvensiyaya istinad etmək hüququ olsa da, nəticədə cinayət törətmiş şəxs Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, ittiham olunur. Ola bilsin Konvensiyanın qəbulundan sonra CM-dəki sanksiyalar dəyişildi və hakimlər buna istinad etdi”.

“Bəzən belə halları dövlət məmurlarının ailələrində də görürük”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Femida.az-a açıqlamasında bildirir ki, o, bu qanunun imzalanmasını çoxdan gözləyirdi:

“Uşaq hüquqlarının müdafiəçisi kimi hər dəfə bir ümidlə gözləyirsən ki, bu qanun bizdə də qəbul olunsaydı, cinayətlərin qarşısını almaq daha asan olardı. Əlbəttə Azərbaycan qanunvericiliyində 18 yaşına çatmayan qızla cinsi əlaqədə olmaq, qeyri-rəsmi nikaha daxil olmaq özü cinayətdir. Amma təəssüf ki, 16 yaşdan sonra bizdə cinsi kontaktı könüllü olaraq qəbul edirlər. Bunun cəzası isə çox azdır. Yəqin ki, bu məsələ ilə bağlı hesabatlarda qeyri-rəsmi nikahlar, qızlara qarşı təcavüz hallarının çoxalması öz əksini tapıb və yetərincə rezonansa səbəb olub”.



Konvensiyaya qoşulmaq çox vacib idi. Bəlkə insanlar ağır cəzadan qorxub geri çəkilər. Düzdür, şüurların dəyişdirilməsi bircə konvensiya ilə baş verə bilməz. Bu sahədə mütləq maarifləndirmə aparılmalıdır. Çox təəssüf ki, bir çox hallarda azyaşlı qızların ərə verilməsi üçün ailələrin, qohumların münasibətini görürük. Hətta bəzən belə halları nüfuzlu, dövlət məmurlarının ailələrində də görürük. Biz nə qədər təbliğat aparsaq da, xüsusilə regionlarda bu hallar yenə baş verir. Bizim sığınacaqda erkən nigahlarla bağlı, cinsi zorakılığa məruz qalmış kifayət qədər uşaq olub və hazırda da var”.

Göründüyü kimi bütün dünya uşaq hüquqları ilə bağlı ciddi addımlar atır. Uşaq Hüquqları ilə bağı BMT-nin komitələri, işçi qrupları var. Mütəmadi olaraq ölkələrdəki uşaqlarla bağlı vəziyyəti araşdırırlar, hesabatlar verirlər. Bunların fonunda sözügedən konvensiya uşaq hüquqlarının müdafiəsində atılan bir addımdır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #uşaq   #hüquq   #konvensiya   #Avropa_Şurası   #vəkil   #qanun   #məhkəmə   #Ruslan_Vəliyev   #Kəmalə_Ağazadə  

Oxunub: 653