Bələdiyyə seçkiləri ilə bağlı sənədlərin təqdim edilməsinə başlanılır


10:34     03 Noyabr 2019 aspasecki.jpg

Bu gündən Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində dairə seçki komissiyaları imza vərəqələri və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edir.

Bundan əlavə, hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması müddəti noyabrın 3-də sona çatır.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Açar sözlər:

Oxunub: 415