“Tofiq gedəndə söz verdi ki,4-də qayıdacaq”- Həyat yoldaşı ilə müsahibə


14:03     20 Noyabr 2015 300px-Ismayilov_TK_.jpg


Femida.az Moderator.az -a istinadən 1991-ci ilin 20 noyabr vertolyot qəzasında şəhid olmuş görkəmli dövlət xadimi, akademik Tofiq İsmayılovun həyat yoldaşı, "Akademik Tofiq İsmayılov adına Fond"un rəhbəri Lalə İsmayılova ilə müsahibəni təqdim edir.



- Lalə xanım, əvvəla, belə bir gündə bizə müsahibə verməyi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.

- Xoşdur, qızım. Mən günlərlə, saatlarla Tofiq İsmayılovdan danışmaqdan nə yorulmaram, nə də usanmaram...

- Nə gözəl. Lalə xanım, İllər keçsə də Tofiq müəllimin adını sevgi ilə anırsınız. Necə tanış olmuşdunuz onunla?

- 1966 - cı il idi. Mən universitetdə oxuyurdum, tələbə idim və 18 yaşım vardı. Mənə tez - tez dərsdən rəsmxətlə bağlı çalışmalar verirdilər. Mən isə bu ödəvləri heç cür edə bilmirdim. Ona görə də İqtisad Universitetində oxuyan rəfiqəmin yanına gedər, ondan yardım istəyərdim. Həmin universitetdə də Tofiq İsmayılov həm dosent idi, həm də kafedra müdiri. Bir dəfə ora yenə də gedəndə o məni görür və rəfiqəmdən məni onunla tanış etməsini istəyir. Rəfiqəm razılaşmır. Hətta Tofiq İsmayılov bir dəfə mənə deyir ki, ver ödəvlərini uşaqlara tapşıraram yardım edər sizə. Nə isə, bir gün atasıgil atama zəng edib bizə gələcəklərini xəbər verir. Axşam atası və əmisi gəlir. Belə olur ki, mənim babamgil ilə onun əmisi əsgərlik dostu çıxırlar. Beləliklə də atamın rızasını ala bilirlər. Tezliklə də evlənirik.

- Lalə xanım, neçə övladınız var?

- İki. Səbinə adlı bir qızım var və Mirheydər adlı oğlum. İki də nəvəm var. Hətta bir nəvəm elə mənim adımı daşıyır.

- Tofiq İsmayılov necə ata idi?

- Çox qayğıkeş ata idi. Vallah həyat yoldaşım olduğuna görə demirəm, atamdan sonra şəxsiyyətinə, ata kimi göstərdiyi qayğıdan dolayı qibtə etdiyim tək insan idi.

- Mənim anam da Tofiq İsmayılovun rəhbərlik etdiyi Kosmik Tədqiqat İnstitutunda vaxtı ilə tərcüməçi işləyib. Mən hərdən anamla ora gələrdim. Bir dəfə gələndə Tofiq İsmayılovla qarşılaşdım. O zaman onun kim olduğunu bilmirdim. Mənim 5-6 yaşım olardı. Qolumdakı elektron saatı görüb məndən saatı sormuşdu. Mən isə saatı bilmədiyimi demişdim. O zaman Tofiq müəllim gülümsəyərək, bilmirsənsə saatı niyə qolunda gəzdirisən demişdi. Daha sonra əlimdən tutub məni otağına aparmışdı və elektron saatı mənə ilk dəfə elə Tofiq müəllim öyrətmişdi. Yaxşı öyrəndiyimə görə isə mənə hətta konfet vermişdi. Mən bu üzdən onu xatirimdə ciddi olduğu qədər də, mülayim və səmimi bir insan kimi xatırlayıram. Necə düşünürsüz, mən Tofiq İsmayılovu yanlış xatırlamıram ki?

- Yox. Tamamilə doğru xatırlayırsız. Tofiq uşaqları çox sevirdi. İşdə nə qədər ciddi və məsuliyyətli idisə, iş bitdikdən sonra bir o qədər də mülayim və səmimi insan idi. Çox mədəni insan idi. Müasir olduğu qədər də, hər şeyi yerli yerində bilən biri idi. Bu da mənim üçün çox xoş təsadüf idi ki, sizin uşaqlıqda da olsa, onunla bağlı xatirəniz var. Onu tanıyan, onunla ünsiyyətdə olan, ondan danışan hər kəs sanki mənə doğma olur.

- Lalə xanım, Tofiq İsmayılovun 1991 - ci ildə qarmaqarışıq siyasi bir durumda gedişini xatırlayırsızmı? Bu səfərin faciə ilə bitəcəyi ürəyinizə dammışdımı?

- İndiki kimi yadımdadır. 19 noyabrda Tofiqə zəng vurdum ki, evdə işıqlar sönüb. O zaman nəvəmiz Lalə 3 aylıq idi. Körpə uşaqla qaranlıqda qalmaq müşkül idi. O üzdən Tofiq bizi mənim kiçik bacımgilə apardı. Gecəni orada qalmalı olacaqdıq. Həmin günü Tofiq mənə dedi ki, səhər 6 - 7 üçün onlar Xankəndiyə gedəcəklər. Mən dedim, səni buraxmaram. Dedim, getməyəcəksən! Niyə axı sən gedirsən? Dedi, mən getməyim, o getməsin, bəs kim getsin? Dedim, o zaman mən də gəlirəm. Dedi olmaz. 20 kişi gedir. Sənin onların arasında nə işin var? Olmaz! Söz verdi ki, axşam saat 4 üçün qayıdacaq. Beləcə, məni birtəhər razı saldı. Həmin günü gecə səhərə qədər nəvəm Lalə ağladı və heç kəsi yatmağa qoymadı.
Mən hər səhər durub Tofiqi işə yola salardım. Hələ evləndiyimiz gündən bircə gün olmamışdı ki, mən adət aldığım kimi durub onu yola salmayım. Amma həmin gün səhər məni elə yuxu aparmışdı ki, durub onu heç yola sala da bilməmişəm. Bunu özümə heç cür bağışlaya bilmirəm. Üstündən illər keçir, amma bu gün də nə üçün onu yola sala bilmədiyim üçün özümü qınayıram. Təsəvvür edin, o mənə səslənib, amma mən Tofiqin üzünə baxa-baxa "Tofiq hardadır?" deyə sormuşam. Daha sonra sürücü mənə dedi ki, səhər Tofiq maşına minməzdən əvvəl xeyli eyvana baxıb və ümid edib ki, mən yuxudan oyanıb eyvana çıxıb onu yola salacağam. Amma heyf ki, mən çıxmamışam... Bunu demək mənim üçün çox ağırdır.... Yenidən özümü təqsirkar hesab edirəm və geri qayıdıb heç nəyi düzəldə bilmədiyim üçün də özümə hirslənirəm.

- Bu gün artıq Tofiq İsmayılovun həlak olmasından 24 il ötür. Düz 24 il. Çətin olmadımı sizə bunca il onsuz?

- Çox çətin oldu. Həm də çox. Qolum - qanadım qırıldı. Mən düz 10 il özümdə olmamışam. Sonra insan məcbur qalır övladına sarılaraq sürür ömrünü. Amma mənə indi Tofiq İsmayılovsız daha çətindir. Yaşlanıram, yaşlandıqca onun yanımda olmasını daha çox istəyirəm. Heyf ki, yoxdur. Heyf ki, mən onsuzam... Bizim aramızda böyük məhəbbət, böyük sevgi vardı. Çox mutlu ailəmiz vardı. Heyf hər şeydən.... (kövrəlir...)

- Tofiq İsmayılovla bağlı o qara xəbəri necə eşitdiniz?

- Bacım gildəydim. Tofiq gedəndə mənə söz vermişdi ki, axşam 4 üçün qayıdacaq. Amma 4 - dən keçmişdi. Mən onun köməkçisini aradım, dəfələrlə..

- Köməkçisi getməmişdi?

- Yox. Tofiq onu getməyə qoymamışdı. Sən demə köməkçisi artıq faciədən xəbərdar imiş, amma söyləməyə çəkinirmiş. Mən evdə olmadığım üçün telefon zənglərinə də cavab verə bilmirdim. Axırda televiziyanı açdıq və faciəni öyrəndim. Həmin saniyə mən yıxıldım, mənən yıxıldım. Yer sanki ayaqlarımın altından getdi...

- Tofiq İsmayılov öz zəhməti ilə gəlib zirvələrə çatan insan olub. Çoxları Tofiq İsmayılovla oturub - durmağı özünə şərəf bilirdi. Tofiq İsmayılov həlak olandan sonra necə, həmin insanlar onun ailəsinin yanında idilərmi?

- Bir çoxları bəli, günü bu gün də Tofiq İsmayılovun ailəsinin yanındadır. Misal üçün Arif Mehdiyev (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri) Tofiq İsmayılovun sağlığında da onun yanında idi, o həlak olandan sonra da onun ailəsinin yanında olub.

- Bildiyimiz qədəriylə Cənab Prezident sizə ev verib. Bu necə oldu?

- Bilirsiniz, 2004 - cü ildə oğlumu evləndirmək istəyirdim. Amma hamımız bir evdə yaşayırdıq. Qızım, kürəkənim, nəvəm, mən və oğlumu da evləndirəndən sonra birlikdə yaşamağımız hardasa düzgün alınmırdı. Darısqallıq idi. Mən də Cənab Prezidentə mövcud durumla bağlı məktub yazdım. Elə oğlumun toyu günü Prezident oğluma 3 otaqlı ev hədiyyə etdi. Çox sevindik. Tofiq rəhmətə gedəndən sonra bizim üçün ilk dəfə idi ki, kimsə bu qədər qəlbdən nəsə edirdi... Oğlumun şad günündə ona arxa, dayaq çıxan dövlət rəhbərimiz məni bir ana kimi çox sevindirmişdi.

- İndi qızınızla bərabər kirayədə qalırsınız, eləmi?

- Bəli.

- Bəs nə üçün Cənab Prezidentə yenə müraciət etmirsiniz?

- Yox, mən bunu daha edə bilmərəm. Utanıram. Mən mənə və ailəmə göstərilən hörmətdən sui - istifadə edənlərdən deyiləm. Eyibdir. Cənab Prezidentə güvənim tamdır. Ona bir dəfə ağız açdım, ondan xahiş etdim, o da mənim xahişimi yerə salmadı. Əlbəttə, qızımla mənə aid bir gözlü evimin olmasını istəyərəm. Amma mən bunu daha Prezidentimdən istəyə bilmərəm.

- Tofiq İsmayılov Azərbaycan torpağı uğrunda canını fəda etmiş görkəmli dövlət xadimi olub, amma onun xanımı kirayədə yaşayır...

- Cənab Prezidentimizdən razıyam. Yerdən, göyə qədər. Amma dövlət tərəfindən mən ondan gördüyüm qayğını görməmişəm. Çünki dəfələrlə hələ Ayaz Mütəllibovun vaxtında dövlətə, adiyyatı qurumlara müraciət etmişdim ki, Tofiq İsmayılova qəhrəman adı versinlər. Amma vermədilər. Ümumiyyətlə, Azərbaycan torpağı uğrunda əlləri silahsız insanların ölümə getdiklərini bilə-bilə getmələri sizcə şəhidlik deyilmi? Axı o helikopterdə həlak olanlar hələ müharibə başlamazdan əvvəl sülh üçün yola çıxmışdılar. Tofiq İsmayılov və digər qəhrəman yoldaşlar məhz müharibə olmaması və qan axıdılmaması üçün razılaşma əldə etmək üçün bu yola çıxmışdılar. Amma hələ o vaxtı mən müraciət edəndə Ayaz Mütəllibov demişdi ki, onlar şəhid deyil. Görəsən şəhid başqa cür necə olur?..

- Nə qədər təqaüd alırsınız? Dolana bilirsinizmi?

- Cəmi 150 manat təqaüd alıram.

- Niyə elə az?

- Buna da şükür!

- Heç müraciət etmisinizmi adiyyatı qurumlara Tofiq müəllimə düşən təqaüdün sizə verilməsi üçün?

-Bəli. Mən dəfələrlə sosial yardım, "sobez" və sairə adiyyatı qurumlara müraciət etmişəm. Mənə dedilər ki, Tofiq İsmayılov cəmi 20 gün dövlət katibi olduğuna görə həmin vəzifəyə görə sizə təqaüd düşmür. Təsəvvür edin akademik, dossent, dövlət katibi, SSRİ - nin deputatı olmuş, Azərbaycan adına ölümə getmiş bir şəxsə cəmi 130 manat təqaüd düşdüyünü mənə dedilər. Mənə çox pis gəldi. Ona görə yox ki, o az pul idi. Ona görə ki, o Tofiqin əməyinə verilən qiymət idi. Sizcə Tofiq İsmayılovun Azərbaycan üçün verdiyi əmək 130 manatla ölçülə bilərmi? Hesab etdim ki, mən əgər o 130 manatı qəbul etsəm, o zaman mən də Tofiqin bunca əməyinə xəyanət etmiş olaram... Elə ona görə də qəbul etmədim.


Açar sözlər:

Oxunub: 3731