İlham Əliyevin “payız inqilabı”


10:48     04 Noyabr 2019 2019/11/105871_1572850245.jpg


Dünyanın harasında yaşamasından asılı olmayaraq, həmvətənlilərimizin bir gözü hər zaman vətənindədir. Uzun illər idi ki, dünyaya səpələnmiş soydaşlarımızın gözləntisi vardı. Bunu sosial şəbəkələrdə, toplantılarda, müxtəlif tədbirlərdə eşidirdik, görürdük, şahidi olurduq. Sözün açığı, əmin idim ki, nə vaxtsa Cənab Prezident “İndi gənclərə yol açmağın zamanıdır” deyəcək.

Təbii ki, bunun üçün zaman lazım idi ki, kadrlar yetişsinlər. Bu zaman ərzində Cənab Prezident “köhnələrlə” işləmək məcburiyyətində idi. Yeni, müasir dövrün tələblərinə cavab verən, mütərəqqi dünyanın ali təhsil ocaqlarını bitirmiş, dövlətçilik və idarəçilik təcrübəsinə malik insanlarımızın yetişməsi üçün zamana ehtiyac vardı. İndi o zaman yetişib və əslində 2018-ci ildən başlayan gəncləşmə siyasəti özünün kluminasiya nöqtəsinə çatıb.

Ölkə başçısının da açıqlamalarından aydın olduğu kimi, proses sadə proses deyil. İslahatara dözümsüzlük nümayiş etdirib, daxildən proseslərə mane olmaq istəyənlər də vardı. Bunlar yenə də var, olub və olacaqlar. Ancaq qatar ünvana doğru yola çıxıb və daha heç kim onu saxlaya bilməz! Toplum da Cənab Prezidentin verdiyi qərarları dəstəkləyir.

Bəzən fərqli siyasi mövqedə duran ictimai-siyasi fəallar mənə irad tuturlar: Sən Dünya Azərbaycanlıları Assambleyası kimi beynəlxalq ictimai təşkilatın sədrisən, gərək ölkədaxili siyasi proseslərə münasibət bildirməyəsən. Ancaq mən belə düşünmürəm. Çünki ölkəmiz ciddi siyasi sınaqlardan keçir. Bu məqamda susmaq, mövqesizlik nümayiş etdirmək olmaz; bu məqamda “mənə nə?” demək olmaz, günahdır, ayıbdır... Bəs biz nə üçün varıq? Nə üçün illərdir Azərbaycanın hüdudlarından kənarda mübarizə aparırıq? Zaman məhz bu zamandır. Dövlətinə sahib çıxmanın zamanıdır. Bugün hansı ölkədə yaşamasından asılı olmayaraq, Vətəninin gələcəyini düşünən hər bir sağlam düşüncəli həmvətənim də bu addımı atardı. Bu, bir təşkilat mövqeyindən daha çox, şəxsi mövqedir. Mən bu hakimiyyətin imkanlarından yararlanıb, çətin anlarda gizlənənlərdən olmadım, ömrümün sonuna qədər bu mövqedən geri çəkilməyəcəyim üçün atamın ruhuna söz verdim.

Bu gün verdiyi sərəncamlar, həyata keçirdiyi sosial iqtisadi-paketlərlə, ölkənin artan beynəlxalq nüfuzu ilə əslində prezident qaragüruhu “nokdaun” vəziyyətinə salıb. İndi o adamları yalnız bir şey düşündürür: İllərdir oynadıqları “müxalifət” rolunun vaxtı bitmək üzrədir. Siyasət, idarəçilik gəncləşir, Azərbaycan siyasətinə yeni nəfəs gəlir. Onlar isə öz köhnəliklərindən çıxa bilmirlər.

Azərbaycan türk dövlət başçılarını paytaxtımıza dəvət edir və tarixi qərarlar verilir, Qoşulmama Hərəkatı kimi nəhəng qurumun rəhbərliyində təmsil olunanlar Bakıya toplanır, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ciddi əməkdaşlıq edir, Rusiya, İran və Türkiyə kimi dünya siyasətinin aparıcı liderləri ölkəmizə gəlir, iqtisadi göstəricilər yüksəlir, qeyri-neft sektoru inkişaf edir, turizmdə qısa müddətdə əldə etdiklərimiz göz önündə. Kənd Təsərüffatına verilən dəstək, ayrılan subsidiyalar, ölkədə çoxdan unudulmuş tütünçülüyün, pambıqçılığın inkişafı danılmaz faktlardır.

Bu mega layihələrin fövqündə isə qol-budağı qırılmış, bir neçə min nəfərdən artıq sosial baza toplaya bilməyən, irəli sürdükləri arqument və bəhanələri bir-bir ölkə başçısı tərəfindən əllərindən alınanlar görülən müsbət işləri alqışlamaq, ölkə rəhbərliyinin bu islahatlarına dəstək verərək, həvəsləndirmək əvəzinə, hay-küy yaratmağa, çaxnaşma salıb, ölkə əhalisini çaşdırmağa səy göstərirlər.

Artıq dövr 90-cı illər deyil. İndi ölkənin güclü lideri var və bu lider artıq öz inqilabını edir. Bu inqilabın da adı “payız inqilabı”dır.

Rəşad Quliyev
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri

Açar sözlər: #İnqilab  

Oxunub: 1164