Metroda qətl törədən şəxs apellyasiya şikayəti verib


14:29     04 Noyabr 2019 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakıda qətl törətməkdə təqsirli bilinən Vəli Əliyev və onunla birgə həbs edilən Füzuli Nəcəfov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.


Femida.az-ın xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada baxılır. Baxış iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Bakıda baş verib. Metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdlü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Emin Şəmiyev ürək nahiyəsindən bıçaqla vurulması nəticəsində dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Xuliqanlıq və narkotik saxlamaqda təqsirli bilinən F.Nəcəfova isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 339