Korrupsiyaya qarşı mübarizədə Litva ilə əməkdaşlıq inkişaf etdirilir


10:03     05 Noyabr 2019 salamlasma.jpg


Korrupsiya ümumbəşəri sosial bəladır. Özünün müxtəlif təzahür formalarında korrupsiya iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bütün cəmiyyətlərə xasdır və müasir dövrdə inkişafı ləngitmək, insan haqları və qanunun aliliyinə təhdid olmaqla dövlət hakimiyyətinin legitimliyinə zərbə vuran əsas amillərdəndir. Təsadüfi deyildir ki, yeni minilliyin əsas çağırışları sırasına daxil olan korrupsiya ilə mübarizə beynəlxalq gündəmdə mühüm yer tutur və məhz bu səbəbdən də 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatı özünün hazırda 180-dən çox dövlətin tərəf olduğu Korrupsiya əleyhinə Konvensiyasını qəbul etmişdir. Adıçəkilən Konvensiyaya qoşulan ilk ölkələr sırasında olan Azərbaycanda korrupsiya ilə mübarizə dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilərək indiyədək geniş institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, mühüm nəticələr əldə edilmişdir.


Korrupsiya fenomeni transmilli xarakter daşıdığından, eləcə də ona qarşı mübarizə fəaliyyəti dinamik proses olduğundan bu fəaliyyətin səmərəliliyinin və təsirliliyinin təmin edilməsi həm də bu sahədə səylərin birləşdirilməsini və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini zəruri edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxış və nitqlərində bu xüsusata diqqət yetirilməsinin vacibliyini qeyd etmişdir. Belə ki, Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr həsr olunan 08.07.2018-ci il tarixli iclasında cənab Prezident öz yekun nitqində dünyanın aparıcı dövlətlərinin korrupsiyaya qarşı mübarizə təcrübəsinin öyrənilməsinin və ölkəmizdə tətbiqinin təmin edilməli olduğunu bir daha bildirmişdir.

Azərbaycan Prezidentinin bu istiqamətdə tövsiyə və tapşırıqlarını nəzərə alan ölkəmizin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz xarici tərəfdaşları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsini, eləcə də təcrübə mübadiləsini daim diqqətdə saxlayır.

Bu çərçivədə cari ilin 28-30 oktyabr tarixlərində Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin nümayəndə heyətinin ölkəmizə səfəri də əhəmiyyətli olmuşdur. Haşiyəyə çıxaraq qeyd etmək olar ki, Litvanın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanı olan Xüsusi İstintaq Xidməti (STT) 1997-ci ildə təsis edilmişdir və öz fəaliyyəti ilə bağlı ölkə Parlamenti və Prezidenti qarşısında məsul olan müstəqil qurumdur. Xidmət multi-funksional anti-korrupsiya qurumu olaraq korrupsiya cinayətlərinin istintaqını həyata keçirməklə yanaşı, həm də bu sahədə qabaqlayıcı tədbirlərinin tətbiqinə, eləcə də maarifləndirmə işinin təşkilinə məsuldur. Qurum ötən müddət ərzində öz fəaliyyətində əldə etdiyi uğurlara və peşəkarlıq səviyyəsinə görə regionda və dünyada müsbət nüfuz qazanmışdır. Məhz bu amillər nəzərə alınaraq, hələ 2009-2011-ci illərdə Xidmətlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında təcrübə mübadiləsini nəzərdə tutan layihə həyata keçirilmiş, bu layihə ikitərəfli əməkdaşlıq sahəsində ən uğurlu layihələrdən biri hesab edilmiş, layihənin uğuru aparıcı beynəlxalq təşkilatlar və sahəvi ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir. Qarşılıqlı faydalılığı ilə xarakterizə olunan bu layihənin icrasından sonra 2011-cu ildə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır ki, bu da əməkdaşlıq əlaqələrinin sonrakı inkişafı üçün geniş perspektivlər açmışdır.

Cari səfər layihənin reallaşdırılmasından ötən müddət ərzində hər iki qurumun fəaliyyətində əldə etdiyi nailiyyətlərlə yerində və yaxından tanışlıq, eləcə də müsbət təcrübələrin mübadiləsi məqsədi daşımışdır. Xüsusi İstintaq Xidmətinin direktoru Zidrinas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Baş İdarə ilə yanaşı, Azərbaycan Respublikası Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Milli Məclis, ASAN Xidmət, Yasamal rayon məhkəməsi və DOST Mərkəzində də olmuş, ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən korrupsiyanın qarşısının alınmasına və şəffaflığın artırılmasına yönəlmiş tədbirlərlə tanış olmuşlar.
Keçirilmiş görüşlər zamanı qonaqlara ölkəmizin anti-korrupsiya qanunvericiliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, eləcə də son dövrlərdə prokurorluq və məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən elektron məhkəmə quruculuğu prosesi barədə ətraflı məlumat verilmişdir. Fəaliyyəti Baş İdarə tərəfindən təmin edilən, korrupsiya və sair oxşar neqativ hallarla üzləşən vətəndaşlara operativ və maneəsiz müraciət imkanı verən “161 Qaynar-xətt” əlaqə mərkəzinin fəaliyyəti, Baş İdarə tərəfindən əməliyyat-axtarış fəaliyyəti sahəsində görülən işlər, eləcə də qurumun əməliyyat-texniki imkanları, mürəkkəb sxemli müxtəlif korrupsiya cinayətlərinin istintaqı sahəsində Baş İdarənin təcrübəsi qonaqlarda xüsusi maraq doğurmuşdur.

Litva tərəfi korrupsiya ilə mübarizədə Azərbaycanın qısa zaman kəsiyində xeyli məsafə qət edərək mühüm uğurlara imza atmasını məmnunluqla qeyd etmişdir. Öz növbəsində qonaqlar cari fəaliyyətlərində yeni informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin qurumun analitik iş və maarifləndirmə tədbirləri sahəsində təcrübəsini azərbaycanlı həmkarları ilə paylaşmışdır. Bu istiqamətdə maraq doğuran təcrübələrdən biri kimi Xidmətin analitik-kəşfiyyat fəaliyyətini göstərmək olar. Belə ki, bu fəaliyyət müvafiq proqram təminatından istifadə edilməklə müxtəlif bazalarda toplanmış məlumatların əlaqəli şəkildə emal edilməsini və korrupsiya risklərinin aşkarlanmasını nəzərdə tutur. Təhlillərin nəticəsində aşkar edilən konkret faktlarla bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə yanaşı, korrupsiyaya şərait yaradan, qanunvericilikdə olan boşluq və ziddiyyətlər müəyyən edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.

Bir digər mütərəqqi təcrübə kimi müxtəlif sektorları və əhali qruplarını əhatə edən rəy sorğuları əsasında ölkənin korrupsiya xəritəsinin hazırlanmasını qeyd etmək olar. Eləcə də Xidmətin sahibkarlıq subyektlərinin fəaliyyətinin anti-korrupsiya qanunvericiliyinin və dürüstlük standartlarının tələbləri səviyyəsində qurulması məqsədilə həyata keçirdiyi maarifləndirmə layihələri də diqqətə layiqdir.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki ölkənin müvafiq orqanları arasında əməkdaşlıq əlaqələrinin on ildən artıq tarixə malik olduğunu qeyd edərək bu əməkdaşlığın təkcə ikitərəfli müstəvidə qalmayaraq beynəlxalq təşkilatlar və monitorinq mexanizmlərinin platformalarında da uğurla davam etdirilməsini mühüm nailiyyət kimi vurğulamışdır.

Sonda qeyd edilməlidir ki, qurumlar arasında mövcud olan faydalı və uğurlu əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsi əlaqələrin daha da inkişafı üçün zəmin yaradır və perpsektivdə bu əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Səbuhi Alıyev

Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
Təşkilati və informasiya təminatı idarəsinin rəisi


Femida.az

Açar sözlər: #Korrupsiya   #Əməkdaşlıq   #Litva  

Oxunub: 1076