Aytən Mustafayeva: "Təklif edirəm ki, həmin insanlara amnistiya düşməsin" - MÜSAHİBƏ


12:32     05 Noyabr 2019 19_11_05_1572942387.jpg

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva müsahibə verib. Femida.az E-huquq.az-a istinadən müsahibəni təqdim edir.


- Aytən xanım, Azərbaycanda bütün sahələr üzrə insan haqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Sosial və siyasi sahədə Azərbaycan vətəndaşlarının hüquqları təmin edilirmi?

- Ümumiyyətlə, insan hüquqları çox geniş məfhumdur. Anadan olandan, həttta deyərdim cəsədin hüququna qədər hamısı insan hüququdur. Yəni, bu, çox geniş sahədir. Azərbaycanda siyasi baxımından insan və vətəndaş hüquqları təmin etmək üçün geniş səpkidə işlər aparılır. Konstitusiyamızın da çox hissəsi bildiyimiz kimi insan hüquqlarına həsr olunub. Onu da demək istəyirəm ki, Azərbaycanda seçki hüququ, söz, fikir və etiqad azadlığı təmin olunur. 1990-cı illərin sonundan məhkəmə islahatları, yeni Seçki Məcəlləsinin qəbul olunması və başqa islahatlar aparılıb, bu gün də aparılır və gələcəkdə də olacaq. Çünki dünya dayanmır, hər gün yeni-yeni problemlər çıxır və biz həyatın yeni çağırışlarına cavab vermək məcburiyyətindəyik. Son zamanlar isə sosial hüquqların təmin olunmasına böyük diqqət ayrırılır. Bura əmək hüququ, əlillərin hüququ və digər sahələr daxildir. Maaşların və pensiyaların artırılması da vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edir.

- Bildiyimiz kimi aprelin 3-də Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmandan sonra görülən işləri necə dəyərləndirirsiniz? İslahatlar məhkəmə-hüquq sahəsində hansı yeniliklərə yol açacaq?

- Bu, çox əhəmiyyət kəsb edən bir fərmandır. Çünki özündə bir neçə sahələrdə islahatı nəzərdə tutur. Qeyd etməliyəm ki, islahatlar məhkəmə-hüquq sistemində illərdir aparılır. Bildiyiniz kimi, Azərbaycan son 10 ildə daha çox yeni üsulda idarəçiliyin aparılması istiqmətində işlər görülüb. Artıq elektron hökumət, elektron məhkəmə anlayışları var. Halbuki, biz bunları 20 il bundan qabaq təsəvvür belə etməzdik. Bu, hüquqi yardımın əlçatanlığı, hüquqi yardımın verilməsi üçün əngəllərin aradan qaldırılması, bürokratik məhdudiyyətlərin aradan götürülməsi və şəffaf məhkəmə işlərinin aparılması istiqamətində atılan böyük addımdır. Bu fərmanda bir neçə strukturlara – prokurorluq, Əliyyə Nazirliyi və məhkəmələrə tapşırıqlar verilib. Onu da deməliyəm ki, elektron məhkəmə ilə bağlı Azərbaycan hətta Avropa İttifaqının mükafatına da layiq görülüb. Bu onu göstərir ki, Avropa da Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını dəstəkləyir.

- Aytən xanım, hüquqi yardım məsələsinə toxundunuz. Azərbaycan vətəndaşlarının hüquqi yardımla təmin olunması istiqamətində görülən işləri qənaətbəxş hesab etmək olarmı?

- Ümumiyyətlə, son dövrlərdə Vəkillər Kollegiyasında aparılan islahatları yüksək qiymətləndirirəm. Eyni zamanda hüquqi yardımın əlçatanlığı istiqamətində də Vəkillər Kollegiyası tərəfindən görülən işlər təqdirəlayiqdir. Bildiyiniz kimi, Azərbaycanda vəkillərin sayı az idi. Ancaq indi bu problemin aradan götürülməsi üçün işlər aparılır. Yəni, hüquqşünasların vəkil kimi özünü sınamasına geniş imkan yaradılır. Onu da qeyd etmək istəyirəm ki, biz Vəkillər Kollegiyası ilə bir sıra məsələlərdə birgə layihələr həyata keçirməyi planlaşdırmışıq. Biz institut olaraq son bir neçə ildir ki, Azərbaycanda yeni bir istiqamət olan tibb hüququ ilə bağlı layihə işləmişik. Tibb hüququnun tədrisini də aparırıq, dərslikləri də hazırdır. Həm Tibb Unuversitetində, həm də Bakı Dövlət Universitetində bu dərsliklər tədris olunur. Eyni zamanda bu dərslik vəkilliyə və hakimliyə namizədlər üçün yeni bir istiqamətdir. Bunlar səhiyyə sistemində hüquqi münasibətlərin əsaslarıdır. Bu səpkidə də biz ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı Anar Bağırovla danışmışıq. Düşünürəm ki, hakimlər və vəkillər arasında müəyyən sahələr üzrə ixtisaslaşmış şəxslər olmalıdır.

- Azərbaycanda hüquqi maarifləndirmə sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Mənə elə gəlir ki, pis səviyyədə deyil. Çünki hələ ulu öndər Heydər Əliyevin vaxtından Azərbaycanda insan hüquqları sahəsində islahatlar aparılır. Bu islahatlar aparıldıqca, vətəndaşlar insan hüquqları sahəsində maariflənirdi. Həm universitetlərdə, həm KİV-də biz görürük ki, insan haqları haqqında məlumatlar yüksək səviyyədədir.

- Bildiyimiz kimi, ölkədə sahibkarların hüquqlarını müdafiə və iqtisadi inkişafın təmin olunması məqsədilə ilk ixtisaslaşmış Kommersiya Məhkəmələri yaradılır. Necə düşünürsünüz, daha hansı sahədə ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac var? Məsələn bəzi şəxslər hesab edir ki, Azərbaycanda boşanma hallarının qarşısını almaq üçün ailə münasibətlərini araşdıran xüsusi məhkəmələrin yaradılması zəruridir...

- Tamamilə razıyam. Ailə münasibətlərini araşdıran ixtisaslaşmış məhkəmənin fəaliyyət göstərməsi yaxşı olardı. Çünki hansısa cinayətkarın işinə baxan hakim sonra ailədaxili boşanma işlərinə baxır. Yəni, bu cür hakimin çətin ki, bir yardımı olsun. Amma belə ixtisaslaşmış məhkəmələrdə psixologiyanı bilən hakimlər də olmalıdır ki, vəziyyətə psixoloq kimi yanaşsınlar. Onu qeyd etmək istəyirəm ki, ixtisaslaşmış vəkillər, ixtisaslaşmış məhkəmələr, ixtisaslaşmış hakimlərin olması vətəndaşların da işini asanlaşdıracaq. Bayaq mən tibb hüququndan danışdım. Tibb hüququnu bilmək üçün şəxsin gərək iki sahə üzrə savadı olsun. Həm tibb, həm də hüququ biliklərin olması mütləqdir. İxtisalaşmış vəkil və ya hakim məhz belə işləri aparmaq üçün daha səmərəli olacaq. Bu, Azərbaycan üçün yeni bir istiqamətdir, baxmayaraq ki, bu, dünyanın bir çox ölkəsində uzun illərdir təcrübədən keçirilib.

- Heç kimə sirr deyil ki, məhkəmələrdə bəzi hallarda korrupsiya faktlarına rast gəlmək olur və elə Məhkəmə-Hüquq Şurası da korrupsiya hüquqpozmalarına qarşı mübarizə aparır. Bəlkə də buna görə hakimlərin sosial-rifahının yüksəldilməsi üçün onların maaşı əhəmiyyətli dərəcədə artırıldı. Sizcə, maaş artımı məhkəmələrdə neqativ halların aradan qaldırılmasına imkan verəcək?

- Mən yalnız arzumu deyə bilərəm, təki, bu neqativ halların qarşısı alınsın. Bunu zaman göstərəcək. Ancaq çox yaxşı haldır ki, hakimlərin maaşı artırıldı və artıq onlar necə deyərlər, başlarını aşağı salıb, öz işlərini görə bilərlər. Kənardan nəsə maddi maraqları olmaz.

- Aytən xanım, təəssüflər olsun ki, son zamanlar Azərbaycanda məşiət zorakılığı faktları artıb. Bunun səbəbləri nədir və qarşısını necə almaq olar?

Mən bu səpkidə bir neçə məsələni demək istəyirəm. Birincisi, bunun səbəbi erkən nikahlardır. Bu, böyük bəladır və biz buna indi fikir verməsək, ciddi məsuliyyət qoyulmasa, qarşısını almaq çətin olacaq. Bunun üçün də cəmiyyət olaraq səfərbər olub, birlikdə işləməliyik. Erkən nikahlar nəyə gətirib çıxarır? Birincisi, insanın artıq uşaq ikən taleyi həll olunur. İkincisi, mən buna artıq alqı-satqı deyərdim – bəzi valideynlər qızı imkanlı ailəyə verməyə çalışır. Bir növ uşaqlarının taleyi ilə oynayırlar. Bu uşaqlar sonra nə təhsil alırlar, nə də öz həyatları olur. Təbii ki, erkən nikah olanda o ailədə problem də olur. Digər tərəfdən böyük problemlərdən biri selektiv abortdur. Məhz cinsi mənsubiyyətə görə uşağı öldürürlər. Oğlandı qalsın, qızdır götürülməlidir. Bu məsələ ilə bağlı mənə elə gəlir ki, 5-10 ildən sonra qızların azlığı müşahidə olunacaq. Bu, genefondumuza vurulan böyük bir zərbədir. Bu problemin qarşısını almaq üçün məsuliyyəti artırmaq lazımdır. Onsuzda bizdə aborta qadağa var, ancaq bu istiqamətdə hesab edirəm ki, cəzalar sərtləşdirilməlidir. Məşiət zorakılığı ilə bağlı isə təklifim ondan ibarətdir ki, bu səpkidə cinayət törətmiş insanlara amnistiya düşməsin. Bu şəxslərə qarşı ən ağır cəza tətbiq olunmalıdır. Heç olmasa, açıq məhkəmə işi aparılmalıdır ki, insanlar hər şeyi görsün və digərlərinə də nümunə olsun. Eyni zamanda bizim gənclərin tərbiyəsini göstərilən seriallar da korlayır. Bizdə göstərilən film və seriallarda şiddət və zorakılıq təbliğ edilir. Televiziya gərək bütün verlişlərini ədəbi dildə aparsın və filmlər də tərbiyəvi olmalıdır. Bizim köhnə filmlərimiz kimi. O vaxt filmlər insanları yüksək mənəviyyata çağırırdı. İndi biz nə görürük? Dağlıq Qarabağ münaqişəsini yaşayırıq. Bununla bağlı filmlər çəkilə bilər, hansı ki, insanlarda vətənpərvərlik hissini aşılasın. Televiziyalar mənəviyyatı təbliğ etməlidirlər. Ona görə də hesab edirəm ki, bu problemlər olduğu üçün biz məşiət zorakılığı ilə qarşılaşırıq.

Femida.az

Açar sözlər: #müsahibə   #Aytən   #Mustafayeva   #hüquq  

Oxunub: 2976