Tərəflər boşandıqdan sonra cehiz kimdə qalmalıdır?


10:20     06 Noyabr 2019 19_11_06_1573021092.jpg

Ər və arvad boşandıqdan sonra tərəflər arasında əmlakın bölüşdürülməsi ən problemli məsələlərdən biridir. Belə olan halda qız tərəfinin gətirdiyi cehizin boşanmadan sonra gəlinə qaytarılıb-qaytarılmayacağı maraq doğrurur. Bəs görəsən qanun boşanma zamanı cehizin “taleyini” necə həll edir?



Femida.az xəbər verir ki, məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən vəkil Vüsal Səfərov bildirib ki, cehiz qızın valideynləri tərəfindən gəlinə verilmiş hədiyyə sayılır. Onun sözlərinə görə, buna görə də cehiz qızın mülkiyyəti hesab edilir: “Mülkiyyət olması səbəbilə cehiz tərəflər arasında bölüşdürülə bilməz. Oğlan evi, yəni keçmiş ər cehizi könüllü şəkildə qıza verməlidir”.

V.Səfərov diqqətə çatdırıb ki, əgər keçmiş ər könüllü şəkildə cehizi qaytarmırsa, narazılıq yaradırsa, məsələ məhkəmə qaydası ilə həll olunur: “Qadın məhkəməyə müraciət edərək cehiz əmlakı keçmiş ərin evindən çıxara bilər”.

Vəkil qeyd edib ki, bu zaman qadın məhkəmədə sübut etməlidir ki, cehiz toyla əlaqədar valideynləri tərəfindən ona hədiyyə olunub: “Bundan sonra məhkəmə qərar verir ki, cehiz əmlak keçmiş ərin evindən çıxarılaraq xanıma qaytarılsın”.

Cehizin hədiyyə olduğunu necə sübut etməyə gəlincə, V. Səfərov deyib: “Adət-ənənəmizə görə qız gəlin köçəndə ata-anası ona cehiz əmlakı bağışlayır. Məhkəmələr bu nöqteyi-nəzərdən baxanda qız tərəfinin iddiası inandırıcı görünür. Digər tərəfdən sübut kimi toy kasetlərini təqdim edərək cehiz əmlakın gəlin köçürüldüyü gün aparıldığını təsdiq etdirmək mümkündür. Həmçinin, cehizlərin aparıldığını təsdiq edən şahidləri göstərmək olar”.

Açar sözlər:

Oxunub: 1221


Oxşar xəbərlər