Sürətlə böyüyən Azərbaycan turizmi: Böyük potensial və istifadə imkanları


12:00     06 Noyabr 2019 2019/11/2-ci-sekil_1573022621.jpg


Uzun illər iqtisadiyyatını neft üzərində quran Azərbaycan üçün son illərədək turizmə böyük diqqət ayırmaq ikinci, üçüncü planda olub. Baxmayaraq ki, turizm bütün dünyada ən gəlirli sahələrdən biridir, baxmayaraq ki, Azərbaycanın yerləşdiyi coğrafi şərait, zəngin təbiət və iqlim turizm üçün böyük potensial və zəmin yaradır, bununla belə, çox vaxt bu sahə diqqətdən kənarda qalıb. Ən əsası, turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan, ölkənin təbliğatı üçün ən önəmli vasitələrdəndir.


Azərbaycan turizminə qısa baxış

Tarixə qısa nəzər salsaq, Azərbaycanda turizm hələ XX əsrin əvvəllərindən formalaşıb. 1908-ci ildə Krım-Qafqaz klubunun bir bölməsi Bakıda fəaliyyətə başlamışdı. Bakıda “Astoriya”, “Ermitaj”, “Marsel”, “Metropol” kimi mehmanxanalar fəaliyyət göstərir, karvansaralardan mehmanxana kimi istifadə olunurdu. Sovet dövründə Bakı, Göygöl, Mingəçevir və Hacıkənddə turist bazaları olsa da, SSRİ rəhbərliyi bol nefti olan Azərbaycanın geniş turizm potensialını üzə çıxartmasını istəmirdi. SSRİ dövründən sonra - müstəqilliyin ilk illərində bu dəfə də Ermənistanın işğalçı siyasəti Azərbaycan turizminə ciddi zərbə vurdu. Böyük turizm potensialına malik cənnət məkan Qarabağ işğal altına düşdü. Xaos içində olan, müharibə şəraitindəki bir ölkə əcnəbilər üçün nə qədər təhlükəsiz və maraqlı görünə bilərdi ki?!



Ölkəmizdə turizm potensialını üzə çıxarmaq üçün ilk addım 1999-cu il iyunun 4-də Heydər Əliyev tərəfindən imzalanan “Turizm haqqında” qanunun qəbul edilməsi ilə atıldı. Xronoloji ardıcıllığı izləsək, 2001-ci il aprelin 18-də Gənclər və Turizm Nazirliyi, 30 yanvar 2006-cı il tarixdə isə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildi. 2006-cı ilin fevralında Azərbaycan Turizm İnstitutu yaradıldı. 2011-ci il Azərbaycanda “Turizm ili” elan edildi. Lakin real olaraq sektorun inkişafı 2015-ci ildən sonra hiss olunmağa başladı. Artıq bu sahə ilə məşğul olan xüsusi bir qurumun yaradılması labüd idi. 20 aprel 2018-ci ildə Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin yaradılması barədə sərəncam imzaladı.

Azərbaycan ərazisinin qədim tarixə, zəngin mədəni abidələrə, əlverişli coğrafi mövqeyə, cəlbedici təbiətə, folklora malik olması və müxtəlif dinlərin qovşağında yerləşməsi, konfrans zalları, mehmanxanalar və xidmət infrastrukturlarının olması, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində təcrübə turizmin inkişafı üçün zəmin yaradır. Bununla belə bizi geri atan problemlər də az deyil. Məsələn, ixtisaslı kadr çatışmazlığı (hazırda turizm sektorunda çalışan 42 min nəfərin cəmi 10 faizi turizm təhsilinə malikdir), regionlarda xarici dillərdə sərbəst danışa bilənlərin azlığı, ölkəyə gələn xarici vətəndaşlara sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməməsi və s.



Azərbaycanın turizm potensialı və verdiyi imkanlar

Ölkəmiz tarixi, mədəni, etnoqrafik obyektlərlə zəngindir. Əlverişli coğrafi mövqeyi, flora və faunasının zənginliyi, dəniz sahilində yerləşməsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizin turizm potensialını ortaya qoyur.

Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, 6 mindən artıq memarlıq və mədəniyyət abidələri, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. YUNESKO tərəfindən qeydiyyata alınan "İçəri şəhər", Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi, 12 fəxri konsulluq akkreditasiya olunub, 4 baş konsulluq fəaliyyət göstərir. 1998-ci ildə imzalanan sazişə əsasən, böyük turist axınına malik, Şərqlə Qərbi birləşdirən İpək Yolu Bakıdan keçir. 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisi (AİTF) keçirilir.



Dünya Səyahət və Turizm Şurasının bəyanatına görə, dünya əhalisinin 9.5 faizi birbaşa və dolayı yolla turizmlə məşğuldur. Azərbaycanda bu məşğulluq dünya normasına yaxın olsa da, öz potensialına görə çox aşağıdır (Məsələn, qonşu Gürcüstanda bu rəqəm 20 faizdir). Ümumdaxili məhsulun təxminən 3 faizi turizm sektorunun payına düşür. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin açıqlamasına görə, yaxın 10 il ərzində ÜDM-in 10 faizi turizm sahəsinin payına düşəcək.

Mehmanxanalar və nəqliyyat potensialı

2019-cu ilin 9 ayında Azərbaycana dünyanın 191 ölkəsindən 2.4 milyon xarici qonaq gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% çoxdur. Turistlərin sayına görə ilk üçlüyü Rusiya, Gürcüstan və Türkiyə tutur. Ardınca son illər ölkəmizə böyük turist axını yaradan Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri) dayanır. Onlar artıq postsovet ölkələridən gələn turistlərin sayını üstələməyə başlayıb. 2018-ci ildə Azərbaycana körfəz ölkələrindən 200 mindən çox turist gəlib. 2019-cu ildə körfəz ölkələri səyahətçiləri tərəfindən Azərbaycan haqda onlayn axtarışları 60% artıb. Son 1 ildə isə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı da kəskin artıb. 2018-ci ildə 175%-lik artım qeydə alınıb.



Amma bu qətiyyən “turist axının təkcə şərq ölkələri hesabına böyüdüyünü deməyə əsas vermir. Bu ilin 9 ayında Azərbaycana qərb və qeyri-körfəz ölkələrindən gələn turistlərin sayında da böyük artım müşahidə olunub. Belə ki, 9 ay ərzində Azərbaycana Böyük Britaniyadan 20287 nəfər (artım - 26,79%), Almaniyadan - 16504 (+21.68%), İtaliyadan - 10985 (+16.65%), Polşadan - 5511 (+31.94%), Fransadan - 7373 (+14.40%), Niderlanddan - 5074 (+14.70%), ABŞ-dan - 15032 (+22.78%), bundan əlavə, Yaponiyadan - 5111 (+31.94%), İsraildən - 45735 (+70.11%), Avstraliyadan - 3163 (+19.54%), Kanadadan - 3852 (+26.59%) nəfər gəlib.

Bəs Azərbaycanda kifayət qədər turisti qəbul edəcək mehmanxana varmı? - 2019-cu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 596 mehmanxana var. Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var. Məşhur otel axtarış sistemi olan “booking.com” saytında Bakıda bir gecəsi 100 AZN-ə qədər olan 539 obyekt çıxır (bura otel, hostel və evlər daxildir). Əsasən hostel və evlərin gündəlik icarəsini nəzərdə tutan “Airbnb” portalında isə eyni qiymət aralığında 306 obyekt olduğu görünür.



Görünən odur ki, artıq Azərbaycanda əhali də turistləri öz evində qəbul etməyə, eyni zamanda bunu qazanc yerinə çevirməyə müsbət yanaşır.

Paytaxtda fəaliyyət göstərən “Four Seasons”, “Hilton”, “Flame Towers”, “Park İnn”, “Absheron JW Marriot”, “Winter Park”, “Pulman”, “Hyatt Regency”, “Boulevard Hotel Baku” və s. kimi böyük otellər, bölgələrdə isə “Marxal Resort SPA” (Şəki), “Zirvə”, “Şahdağ” (Qusar), “Qalaaltı”, “Çinar”, “Qarabağ” (Naftalan), “Rixos” (Quba), “Qafqaz Riverside” (Qəbələ), “Shamakhi Palace” (Şamaxı), “Relax” (Lerik) və s. kimi müasir standartlara cavab verən və yüksək xidmət səviyyəsi ilə seçilən otellər var. Hansı ki, bu otellər müştərilərinə təkcə gecələmə xidməti yox, qidalanma, restoran, əyləncə, idman zalları, SPA, hovuz, konfrans zalları və s. xidmətlər də təklif edir.



Son illər turizm sektorunun sürətlə böyüməsi və müştərilərin diferensiallığı aşağı büdcəli otelləri və ən əsası hostellərin yaranmasını labüd etdi. Hazırda Bakıda 70-ə yaxın hostel fəaliyyət göstərir. Hostellərin komfort səviyyəsi otellərin imkanlarından aşağı olsa da, hər bir turizm bazarı üçün belə yerləşmə müəssisələrinin olması vacibdir. Ona görə ki, Azərbaycana az büdcəli turistlər də gəlir (əsasən qısa müddətli səfərlər edən gənclər, tələbələr və s.) və onların ehtiyaclarını qarşılamaq üçün hostellər uyğun qiymətlər təklif edir (Bakıda gecəsi 7-10 manata hostellər tapmaq mümkündür).

Ucuzluq məsələsində təkcə hostellər deyil, artıq daşıma sahəsində də irəliləyişlər əldə olunub. Əsasən qonşu ölkələrdən gələn turistlər dəmiryolu və avtomobil nəqliyyatından istifadə edir. Ölkədə yol infrastruktunun böyük ölçüdə yenilənməsi, komfortlu avtobuslar, eləcə də Azərbaycan Dəmir Yollarının operativ daşımaları sayəsində təxminən 30-35 faiz turist məhz quru yolunu seçir.



Turistlərin 50-55 faizi isə hava nəqliyyatından istifadə edir. AZAL mövsümdən asılı olaraq dünyanın 25 ölkəsinə və əksinə uçuşlar həyata keçirir. Aşağıbüdcəli turistləri nəzərə alaraq, 2016-ci ildə dövlət tərəfindən yaradılan “Buta Airways” şirkəti Bakıdan dünyanın 7 ölkəsinə (Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Səudiyyə Ərəbistanı) və əks istiqamətdə uçuşlar həyata keçirir. Hansı ki, bu sözügedən ölkə vətəndaşlarının çox sərfəli qiymətlərlə birbaşa Bakıya səfərini real edir. Avropadan gələn turistlər üçün Bakı aeroportu “Wizzair” və “Pegasus” kimi aşağı büdcəli aviaşirkətin uçuşlarını da qəbul edir.


Azərbaycanda hansı turizm növləri üçün böyük potensial var?

Mədəni turizm - Regionların mədəni irsini, əhalisinin həyat tərzini, tarixini, incəsənətini, memarlığını, dinini və s. əhatə edən bu növdə əsasən kənd yerlərində tarixi məkanlara, mədəniyyət obyektləri olan qoruqlara, abidələrə, muzeylərə, teatrlara, köhnə və yeni memarlıq nümunələrini, eləcə də yerli əhalinin həyat tərzini və milli dəyərlərini əks etdirən festivallara və bayramlara ziyarət etmək mümkündür. Sağlamlıq turizmi - həm ənənələri, həm də müasir imkanları mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı minlərlədir və bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. Naftalan neftindən yel, qan, damar, oynaq xəstəliklərinin, həmçinin maddələr mübadiləsinin pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası nadir duz dağı ilə çox məşhurdur.



Dağ və qış turizmi – Bu növlər Azərbaycanda perspektivli sahələrdəndir. Belə ki, Azərbaycan Respublikasının dağlıq ərazilərində turizmdən istifadə imkanları mövcuddur. Bu gün “Şahdağ” və “Tufandağ” Azərbaycan Qış Turizminin ən yaxşı nümunələridir. İki kompleksdə ümumilikdə 14 otel var. İdman turizmi - Ən sürətlə inkişaf edən sahədir. Son illərdə idman infrastrukturunun inkişafına böyükhəcmli maliyyə vəsaiti qoyulması, Bakı Olimpiya stadionu, Gimnastika Arenası, Su Oyunları sarayı, rayonlarda olimpiya kompleksləri tikilməsi nüfuzlu idman yarışlarının təşkilinə imkan verir. Son 5 ildə ölkəmizdə keçirilən mötəbər idman yarışları içində I Avropa Oyunları (2015), Formula 1 (2016, 2017, 2018, 2019), IV İslam Həmrəyliyi Oyunları (2017), UEFA Avropa Liqasının Finalı (2019), Avropa Gənclər Olimpiya Festivalı (2019) bütün dünyada diqqət mərkəzində olan yarışlar idi. Gələn il UEFA Avropa Çempionatının bəzi oyunları, eləcə də Formula 1 yarışları yenidən Bakıda keçiriləcək ki, bu mənada ölkənin turist bazası bir qədər də genişlənəcək.



İşgüzar turizm - Azərbaycanda hər həftə hanısa beynəlxalq tədbirin baş tutduğunu gündəlik mediadan izləyirik. Hazırda bu turizm növünün inkişafı məqsədilə daha çox ölkə ərazisində mövcud mehmanxanaların konqres və mədəniyyət mərkəzlərinin imkanlarından istifadə edilir. Bakıda konfrans və toplantı otaqları olan 15-dən artıq böyük və ortaölçülü məkanlar, həmçinin 30-dan çox lüks mehmanxana mövcuddur. Çimərlik turizmi üçün böyük potensial olsa da, təəssüf ki, hələ ki, bundan istənilən səviyyədə faydalanmaq olmur. Ölkəmiz şərqdən bütünlüklə Xəzər dənizinin sahilində yerləşir ki, bu da 955 km-lik bir sahil deməkdir. Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Lənkəran, Astara rayonları çimərlik turizmi potensialına malikdir və bu turizm sektorunun inkişafına nail olmaq üçün gələcəkdə çimərlik ərazilərində xidmət infrastrukturları yaradılması mütləqdir.



Azərbaycan zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Ölkəmiz 4100-dən çox müxtəlif bitki çeşidinin vətənidir. Ərazisinin 10 faizi əsasən palıd, vələs, fıstıq, ağcaqayın və göyrüş ağaclarından ibarət dağ meşələri ilə örtülüdür. Bu imkanlardan istifadə edərək açıq təbiətə (dağlara, çaylara, meşələrə) turist gəzintiləri və ekskursiyalar təşkil oluna bilər. Ov turizmi - Azərbaycanda qədim ənənələrə malikdir. Bu sahə son illər Körfəz ölkələri və bir çox avropalı oliqarxların diqqət mərkəzindədir. Ölkədə əsasən, Aran zonasında bu turizm növü üçün potensial var. Bundan başqa Azərbaycan meşələr, dağlar, çaylar, bulaqlar, şəlalələr, dəniz, qoruqlar, milli parklar, eləcə də palçıq vulkanları və cəlbedici kənd əraziləri, özünəməxsus adət–ənənələri və kulinariyası kimi zəngin turizm resurslarına malikdir ki, bu da ölkəni turistlər üçün cəlbedici turizm məkanına çevirə bilər. Xüsusən də ölkə ərazisində unikal təbii fenomen olan palçıq vulkanları dünyadakı palçıq vulkanlarının, demək olar ki, yarısını təşkil edir və Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir.



Sonda bir neçə söz

2018-ci ildə Azərbaycana 2.85 milyon turist gəlib ki, onların da ümumi xərclədiyi pul 2 milyard dollara yaxındır. Hədəf ölkələrdən Bakıya gələn turist sayındakı potensial artım nəzərə alınmaqla, bu prioritetin 2020-ci ildə real ÜDM-də 230 milyon manat artıma səbəb olacağı proqnozlaşdırılır.



Təbii ki, bu işdə Dövlət turizm Agentliyinin xidmətləri müstəsnadır. 2018-ci ildə DTA Bakıda son illərin ən böyük Turizm tədbiri – Milli Turizm Sammitini keçirdi. Sammitdə Azərbaycan öz Milli turizm brendi olan “Azerbaijan - Take another look”u təqdim etdi. Eyni brend daha sonra Londonda - Beynəlxalq Səyahətlər Bazarında təqdim olundu. Əbəs yerə deyil ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qısa müddətdə qurumun özünü doğrultduğunu demişdi:

“Yeni yaranmış qurum olsaq da, turizmin inkişafında zəruri olan bütün sahələrə diqqət ayırırıq. Turizmin inkişafı üçün ən önəmli faktorlardan birinə-xidmət sektoruna xüsusi diqqətimiz var. Turizm sahəsində olan ən son statistik göstəriciləri örnək alaraq yeni hədəflər müəyyənləşdiririk. Bu sahə üzrə təhsilin yüksək səviyyəyə çatdırılması istiqamətində layihələr hazırlanır. Sahə üzrə aparılan bütün işlər Agentliyin çiyninə düşməməlidir. Ona görə biz çalışırıq ki, daha çox ictimai qurum və ictimai nəzarət olsun”.



DTA son 1 ildə dövlət qurumları ilə qurulan əməkdaşlıq sayəsində bir çox islahatlar apardı. Bunlardan ən vacibi “ASAN Viza” sistemidir ki, turistlərə birbaşa viza almağa şərait yaradır. Son illərədək xarici vətəndaşlar mürəkkəb viza prosedurları ilə üzləşirdi. Səfirliyə müraciət etmək zərurəti və çoxlu sayda sənədlərin toplanmasına sərf edilən zaman bir çox potensial turistə mane olurdu. Bu mənada “ASAN Viza” sisteminin qurulması və onlayn müraciət formasının yaradılması Azərbaycana gəlmək istəyən turistlərin viza süründürməçiliyini aradan qaldırdı. İndi turistlər cəmi 3 saata onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.

DTA-nın turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başladı. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği üzrə fəaliyyət göstərirlər. DTA hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.

Məqalə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir

Amin Nəzərli

Femida.az

Açar sözlər: #turizm   #DTA  

Oxunub: 501